Haqqımızda Reklam
05 
Okt
2026
18:46
14
0
473

Marneulidə tıxaclar dözülməz həddə çatıb – sürücülər alternativ yollar tələb edir (VİDEO)

Son dövrlər Marneuli şəhərinin müxtəlif istiqamətlərində yaranan nəqliyyat sıxlığı sürücülər üçün ciddi problemə çevrilib. Günün xüsusilə pik saatlarında bəzi küçələrdə avtomobillərin hərəkəti demək olar ki, iflic olur, sürücülər isə uzun müddət tıxacda qalmalı olurlar. 24News.ge xəbər portalına müsahibə verən sürücülər yaranmış vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə, şəhərdə avtomobillərin sayının artması ilə yanaşı, mövcud yol infrastrukturunun da artan nəqliyyat yükünə uyğunlaşdırılmasına ehtiyac var. Sürücülər yerli hökuməti problemin həlli üçün alternativ yollar düşünməyə və nəqliyyatın hərəkətini asanlaşdıracaq yeni variantlar hazırlamağa çağırırlar. Marneulidə nəqliyyat sıxlığının artması yerli müxalifət nümayəndələrinin də diqqətindədir. Onlar son dövrlər şəhərdə yaranan tıxacların artıq dözülməz həddə çatdığını bildirirlər. Müxalifət nümayəndələrinin fikrincə, problemin əsas səbəblərindən biri şəhərin yol infrastrukturunun mövcud nəqliyyat axınına tam cavab verməməsidir. Onların sözlərinə görə, şəhərdə avtomobillərin sayının sürətlə artması, bəzi yollarda aparılan işlər və alternativ marşrutların kifayət qədər olmaması nəqliyyat sıxlığını daha da artırır. Müxalifət nümayəndələri hesab edirlər ki, yaranmış vəziyyətdən çıxış yollarının müəyyənləşdirilməsi və problemin mərhələli şəkildə həlli yerli hökumətin üzərinə düşür. Onların sözlərinə görə, şəhərdə nəqliyyatın hərəkətinin optimallaşdırılması üçün bir neçə alternativ variant nəzərdən keçirilməli, xüsusilə də əsas magistral yollara düşən yük azaldılmalıdır. Bəs yerli hökumət şəhərdə artan nəqliyyat sıxlığı ilə bağlı hansı addımları atır? Marneuli Meriyasının Şəhərsalma, Memarlıq və Tikinti Xidmətinin rəisi vəzifəsini icra edən Jaba Asanidze xəbər portalımıza müsahibəsində bildirib ki, yaranmış problemlə bağlı aidiyyəti qurumlarla birgə iş aparılır. Onun sözlərinə görə, şəhərdə nəqliyyatın hərəkətinin yaxşılaşdırılması və mövcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün işlər davam etdirilir. Qeyd edək ki, son dövrlər Marneulinin şəhərdaxili yollarında nəqliyyat sıxlığı nəzərəçarpacaq dərəcədə artıb. Yerli hökumət nümayəndələri bunu əsasən şəhərdə avtomobillərin sayının artması və müxtəlif küçələrdə aparılan reabilitasiya işləri ilə əlaqələndirirlər. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge