Haqqımızda Reklam
05 
Okt
2026
09:41
5
4
429

İran səfirindən Ketevan açıqlaması: “Ketevanı farslar işgəncə ilə öldürməyiblər”

İranın Gürcüstandakı səfiri Seyid Əli Moujaninin Tbilisidəki İran səfirliyinin fasadında proyektor vasitəsilə Kraliça Ketevanın fotosunu nümayiş etdirməsi və onunla bağlı tarixi araşdırmalar aparacağını açıqlaması Gürcüstanda geniş müzakirələrə səbəb olmuşdur. 24News.ge xəbər verir ki, ötən gün İran səfiri ilə görüşən Şalva Bolotaşvili özünün sosial şəbəkə hesabında Seyid Əli Moujaninin məsələ ilə bağlı fikirlərini paylaşıb. Moujani paylaşımında Ketevanın farslar tərəfindən işgəncə ilə öldürülməsi fikrini qəbul etmədiyini bildirib. O, Şah Abbasın farsları ifadə etmədiyini, Səfəvilər və Qacarların türk mənşəli sülalələr olduğunu iddia edib. Səfir, həmçinin İran və Gürcüstan arasında tarixən mövcud olmuş əlaqələrdən danışıb. Onun sözlərinə görə, fars və gürcü mədəniyyətləri arasındakı tarixi əlaqələrin araşdırılması və müzakirəsi mümkündür: "QHT-lər tərəfindən idarə olunan televiziyaların bir qismi mənim bu məktubumu gündəmə gətirib və cəmiyyətə yanlış şəkildə çatdırıb. Səmimi şəkildə deyə bilərəm ki, mən bir səfir kimi məsələlərə tolerant yanaşıram və hesab edirəm ki, xalqlar arasında düzgün əlaqələr mövcuddur. Əlbəttə, Ketevanı farslar işgəncə ilə öldürməyiblər. Çünki Şah Abbas farsları ifadə etmir. Səfəvilər, eləcə də onlardan sonra hakimiyyətdə olan Qacarlar türk mənşəli sülalələr olublar. Buna görə də demək doğrudur ki, farslar zorakılıqla bağlı hər şeyi birmənalı şəkildə pisləyirlər. Həmçinin unutmayaq ki, Gürcüstanın xristianlığı qəbul etdiyi dövrdə hakimiyyətdə olan Kral Mirian fars idi. Qorqasali də həmçinin fars mənşəli ən böyük hökmdarlardan biri olub. Bunun vurğulanması vacibdir və məsələ bundan ibarətdir. Lakin QHT-lər tərəfindən idarə olunan televiziyaların bir qismi bunu belə qəbul etmək istəmirsə, qoy elə də olsun. Ancaq fars və gürcü mədəniyyətləri arasındakı böyük tarixi əlaqələrdən danışmaq hər zaman mümkündür və bunun üçün heç vaxt gec deyil", - deyə qeyd olunub. Qeyd edək ki, səfirin Ketevanla bağlı əvvəlki paylaşımı Gürcüstanda siyasi və ictimai müzakirələrə səbəb olub. Səfir məsələ ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb və məsələnin diplomatik fəaliyyət çərçivəsində müzakirə edilməsinin vacibliyini bildirib.

www.24news.ge