Haqqımızda Reklam
18 
Sen
2026
18:30
5
3
217

Nəriman Əliyevin araşdırmaları ilə Gürcüstan arxivlərində Azərbaycan mətbuatına dair mühüm sənədlər üzə çıxarılıb

XIX əsrin ikinci yarısında Tiflis Qafqazın mühüm inzibati, mədəni və maarifçilik mərkəzlərindən biri olub. Bu mühit azərbaycanlı ziyalıların formalaşmasında, onların regionun elmi və mədəni həyatına inteqrasiyasında mühüm rol oynayıb. 24News.ge xəbər verir ki, tədqiqatçı Nəriman Əliyevin arxivlərdə apardığı araşdırmalar nəticəsində məlum olur ki, həmin dövrdə Tiflisdə fəaliyyət göstərən və rusdilli mətbuat vasitəsilə Azərbaycan xalqının adət-ənənələrini, etnoqrafiyasını və zəngin mədəni irsini geniş oxucu auditoriyasına çatdıran ziyalılardan biri də Məşədi Cahangir olub. XIX əsr mətbuatında və arxiv sənədlərində onun adı müxtəlif formalarda – dini və mədəni statusuna görə “Məşədi Cahangir”, savadlı mirzə və tərcüməçi kimi isə “Mirzə Cahangir” şəklində qeyd olunur. Bu baxımdan 1872-ci il “Kavkaz” qəzeti ilə bağlı mənbələrdə adı çəkilən Məşədi Cahangir və Mirzə Cahangirin eyni şəxsə aid olduğu bildirilir. Məşədi Cahangir 1870-ci illərdən, xüsusilə 1872-ci ildən etibarən Tiflisdə nəşr olunan “Kavkaz” qəzeti ilə sıx əməkdaşlıq edib. O, tərcüməçi, etnoqraf və şərqşünas kimi fəaliyyət göstərib. Ərəb və fars dillərindəki mənbələrə yaxşı bələd olan Cahangir rus dilini də mükəmməl bilib və bu bacarığından Qafqaz inzibati idarələrində tərcüməçi kimi istifadə edib. Məşədi Cahangir “Kavkaz” qəzetinin ştatlı əməkdaşı deyil, qəzetlə sıx əməkdaşlıq edən xüsusi müəllif və etnoqraf-müxbir kimi çıxış edib. Onun 1872-ci ildən etibarən “Kavkaz” qəzetində dərc olunan silsilə yazıları yalnız jurnalistika nümunəsi deyil, həm də mühüm tarixi-etnoqrafik mənbə kimi əhəmiyyət daşıyır. Yazılarında xalq təbabəti, məişət, folklor, inanclar, adət-ənənələr, el bayramları, eləcə də Şərq mənbələri və tarixi sənədlərə xüsusi diqqət yetirib. Məşədi Cahangirin Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi ilə də əməkdaşlıq etdiyi, bölgənin coğrafi və etnik xüsusiyyətlərinin öyrənilməsi və yerli materialların sistemləşdirilməsinə töhfə verdiyi qeyd olunur. Onun 1872-ci ildə “Kavkaz” qəzetində Şamaxı zəlzələsi ilə bağlı dərc etdirdiyi yazı isə həmin dövrün hadisələrinin canlı şahid ifadələrindən biri kimi diqqət çəkir. “Kavkaz” qəzetinin Şamaxı müxbirindən 1872-ci il. Şamaxı müxbiri (Məşədi Cahangir) xəbər verir: “İyul ayının ilk günlərindən etibarən Şamaxı sakinləri arasında şəhərin müəyyən bir gün məhv olacağı ilə bağlı narahatedici şayiələr yayılmağa başladı. Bu xəbər əhali arasında böyük təşvişə səbəb olmuşdu və heç kimin qarşıdan gələn müsibətdən sığortalanmadığı düşünülürdü. ...Ayın 26-da, geologiya elminin nəzəriyyələrinə uyğun olaraq, Allahın lütfü ilə xilas olduq. Biz yalnız qorxu hiss etdik, çünki xüsusi zərər dəymədi. Şəhərdə yanvarın 16-da baş vermiş zəlzələ binalarda artıq ciddi zədələr yaratmışdı. Lakin xoşbəxtlikdən bu dəfə insan tələfatı olmadı. Ümumi gərginliyə baxmayaraq, hadisələr belə cərəyan etdi: saat 8 radələrində, daha dəqiq desək, 20 dəqiqə işləmiş, əvvəlkilərdən daha zəif, lakin eyni davamlılıqda yeraltı təkan hiss olundu. Daha sonra güclü yeraltı təkanlar baş verdi. Bu təkanlar zəlzələnin gücünü aydın şəkildə nümayiş etdirirdi. Bundan sonra binaların dağılması dayandı. Təxminən 5 saniyə davam edən güclü yeraltı təkan Şamaxı yaxınlığında qəfil baş verdi və saat 4 radələrində, 20 dəqiqə işləmiş yenidən təkrarlandı. İyulun 20-də Tehran təqviminə görə...” Mətnin davamında Cəmadiyələvvəl ayının müvafiq günləri, zəlzələnin Tehran təqvimi ilə uyğunluğu və müxtəlif vaxtlarda aparılmış müşahidələr ətraflı təsvir olunur. Məşədi Cahangirin bu yazısı XIX əsr Şamaxısında baş vermiş təbii fəlakət, şəhər əhalisinin psixoloji vəziyyəti və həmin dövrdə zəlzələlərin necə müşahidə edildiyi barədə qiymətli məlumatlar təqdim edir.

www.24news.ge