Haqqımızda Reklam
18 
Sen
2026
16:45
1
3
199

Rəsmi Tbilisi Tsxinvalidə keçirilən qondarma “prezident seçkilərini” pisləyib

Gürcüstan Xarici İşlər Nazirliyi sentyabrın 18-də işğal olunmuş Tsxinvali bölgəsində keçirilən qondarma “prezident seçkilərini” pisləyib. 24News.ge xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, sözügedən “seçkilərin” keçirilməsi beynəlxalq hüququn fundamental norma və prinsiplərinə ziddir. XİN-in mövqeyinə görə, bu proses qondarma rejimə legitimlik qazandıra bilməz və Tsxinvali bölgəsinin Gürcüstanın ayrılmaz hissəsi kimi beynəlxalq hüquqi statusunu dəyişdirmir. Gürcüstan XİN qeyd edib ki, ölkənin işğal olunmuş ərazilərində Rusiya Federasiyasının hərbi işğalı və effektiv nəzarəti şəraitində keçirilən istənilən qondarma “seçkilər” qanunsuzdur. Nazirlik həmçinin məcburi köçkünlərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq imkanının olmadığını vurğulayıb. Bəyanatda həmçinin Rusiyanın sentyabrın 18-20-də Abxaziya və Tsxinvali bölgələrində Rusiya Dövlət Dumasına seçkilərlə bağlı seçki məntəqələri açmaq qərarı da pislənib. Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Gürcüstan hökumətinin razılığı olmadan ölkənin suveren ərazisində Rusiya seçki məntəqələrinin açılması və fəaliyyət göstərməsi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır. Nazirlik beynəlxalq ictimaiyyəti Rusiyanın bu addımlarını lazımi şəkildə qiymətləndirməyə və sərt şəkildə pisləməyə, həmçinin müvafiq hüquqi və siyasi tədbirlər görməyə çağırıb. XİN ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsini, eləcə də münaqişənin sülh yolu ilə həllinə beynəlxalq dəstəyin davam etdirilməsini istəyib.

www.24news.ge