Haqqımızda Reklam
17 
Avq
2026
13:19
10
4
686

Son 3 ayda Avropa ölkələrindən 719 Gürcüstan vətəndaşı geri qaytarılıb

2026-cı ilin aprel-iyun aylarında Avropa İttifaqı ölkələrində qanunsuz qalan 719 Gürcüstan vətəndaşının readmissiya çərçivəsində Gürcüstana qaytarılmasına razılıq verilib. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bu müddətdə ümumilikdə 733 readmissiya müraciətinə baxılıb. Onlardan 719-u təmin edilib, 14 müraciət isə rədd olunub. Gürcüstan vətəndaşlarının ən çox geri qaytarıldığı ölkə Almaniya olub. Aprel-iyun aylarında Almaniyadan 327 Gürcüstan vətəndaşı geri qaytarılıb. Fransadan 142, Yunanıstandan 58, İtaliyadan 40, Polşadan 22, İrlandiyadan 21, Belçikadan 20, İsveçrədən və Böyük Britaniyadan 19, İspaniyadan isə 15 Gürcüstan vətəndaşı ölkəyə qaytarılıb. Müqayisə üçün, 2025-ci il ərzində Avropa ölkələrindən ümumilikdə 3 437 Gürcüstan vətəndaşı readmissiya çərçivəsində geri qaytarılıb. Qeyd edək ki, Gürcüstanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş 1 mart 2011-ci ildə qüvvəyə minib. Saziş Aİ ərazisində qanunsuz yaşayan Gürcüstan vətəndaşlarının müəyyən edilmiş prosedurlar əsasında Gürcüstana qaytarılmasını nəzərdə tutur. Saziş həmçinin müəyyən şərtlər daxilində üçüncü ölkə vətəndaşlarının Gürcüstana qaytarılmasını da tənzimləyir. Readmissiya və tranzitlə bağlı nəqliyyat xərcləri sorğu edən dövlət tərəfindən qarşılanır.

www.24news.ge