Haqqımızda Reklam
13 
Avq
2026
21:36
2
0
101

Yeni dərsliklər kimlərə pulsuz veriləcək?

Ölkə üzrə dövlət məktəblərinə məktəb dərsliklərinin yaxın günlərdə çatdırılmasına başlanılacaq. 2026–2027-ci tədris ilində I, V, VII, IX və X sinif şagirdləri yeni dərsliklərlə təhsil alacaqlar. 24News.ge xəbər verir ki, bu barədə “Təhsil Resursları” MMC məlumat yayıb. Məlumata görə, Gürcüstanın dövlət məktəbləri üçün yeni dərsliklərin çapı və nəşri prosesi hazırda aktiv mərhələdədir. 2026–2027-ci tədris ili üçün dərsliklərin yenilənməsi I, V, VII, IX və X sinifləri əhatə edir. “Təhsil Resursları” MMC-nin təşəbbüsü ilə keçirilən 2026-cı il üzrə konsolidə edilmiş tender çərçivəsində dövlət məktəblərinə və təhsil resurs mərkəzlərinə dərsliklərin mərhələli şəkildə çatdırılması sentyabrın 10-dək başa çatdırılacaq. Çap və paylama prosesi 32 adda tədris nəşrini və ümumilikdə 1 milyon 533 min 339 nüsxəni əhatə edir. Onlardan 1 milyon 340 min 44 nüsxə birbaşa dövlət məktəblərinə veriləcək. Dərsliklər kimlərə pulsuz veriləcək? Məktəb dərslikləri aşağıdakı şəxslərə ödənişsiz təqdim olunacaq: Dövlət məktəblərinin şagirdləri və müəllimləri; Sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və hər il martın 1-nə ailəsinin reytinq balı 70 001-dən aşağı olan özəl məktəb şagirdləri; Axalqori bələdiyyəsinin işğal olunmuş ərazilərində fəaliyyət göstərən və tədrisin gürcü dilində aparıldığı məktəblərin şagirdləri və müəllimləri; İşğal olunmuş Qali rayonunda Engur çayına yaxın ərazidə yerləşən 9 məktəbin şagirdləri və müəllimləri, həmçinin rayonun müharibədən əvvəlki sərhədlərində bərpa edilərək fəaliyyət göstərən məktəblərin I sinif şagirdləri və müəllimləri. Onlara II–XI siniflər üçün gürcü dili və ədəbiyyatı, Gürcüstan tarixi və Gürcüstan coğrafiyası dərslikləri veriləcək; Özəl məktəblərin I sinif şagirdləri – yalnız “Ana dili” dərsliyi; 2008-ci ilin avqust müharibəsində həlak olan döyüşçülərin övladları olan özəl məktəb şagirdləri; Nazirlik və nazirlik sisteminə daxil olan publik hüquqi şəxslər – müraciət əsasında. Məlumata görə, ölkə üzrə məktəblərin dərsliklərlə təmin edilməsini yaxın günlərdə “Təhsil Resursları” MMC mərhələli şəkildə həyata keçirəcək.

www.24news.ge