Haqqımızda Reklam
13 
Avq
2026
17:36
2
1
343

Kazbegi gömrük-keçid məntəqəsinin fəaliyyəti sel təhlükəsi səbəbindən müvəqqəti dayandırılıb

Bu gün günorta saatlarında Devdoraki dərəsində quraşdırılmış erkən xəbərdarlıq sisteminin aktivləşməsi səbəbindən “Kazbegi” gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları axşam saatlarınadək müvəqqəti dayandırılıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Məlumata görə, Devdoraki dərəsində yerləşdirilmiş erkən xəbərdarlıq sistemi aktivləşib və yüksək dəqiqlikli sistem dərhal “Kazbegi” gömrük-keçid məntəqəsinə təhlükə siqnalı göndərib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə məntəqənin əməkdaşları, ərazidə olan Daxili İşlər Nazirliyinin Patrul və Sərhəd Polisi əməkdaşları, müxtəlif şirkətlərin işçiləri, yük və minik avtomobilləri, onların sürücüləri və sərnişinləri təhlükəsiz əraziyə təxliyə olunub. Axşam saat 19:00-da isə artıq Kazbegi gömrük keçid məntəqəsində gömrük nəzarəti prosedurları tam bərpa edilib. DİN-dən verilən məlumata əsasən, Devdoraki dərəsində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb və "Darialı" sərhəd-keçid məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirir. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Devdorakidə quraşdırılmış erkən xəbərdarlıq sistemindən siqnal daxil olub. Sistem çay yatağında su axınının minimal səviyyədə artması halında baş verən dəyişiklikləri qeydə alır. Siqnalın daxil olmasından sonra “Dariali” sərhəd-keçid məntəqəsində olan vətəndaşlar, həmçinin məntəqədə çalışan Patrul Polisi və gömrük əməkdaşları təhlükəsiz əraziyə təxliyə edilib.

www.24news.ge