Haqqımızda Reklam
13 
Avq
2026
08:23
20
3
774

Tbilisi meriyası Rustaveli prospektində bərpa işləri aparan şirkəti şərtləri pozduğuna görə cərimələyib

Tbilisi meriyası müqavilə şərtlərini pozduğuna görə Rustaveli prospektində təmir işlərini həyata keçirən “Smart Solutions” şirkətini cərimələyib. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Satınalmalar Agentliyinin saytında yayımlanan cərimə məktubunda qeyd olunub. Sənədə əsasən, şirkətə 1 583,34 lari məbləğində cərimə tətbiq edilib. Məlumata görə, avqustun 7-də Besiki küçəsindən Azadlıq meydanına qədər olan ərazidə aparılan işlərə baxış keçirilib və təmir işlərinin 24 saatlıq rejimdə həyata keçirilmədiyi müəyyən olunub. Məlumata görə, Tbilisi meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidmətinin iyulun 27-də göndərdiyi məktubla şirkətə iyulun 28-dən etibarən Rustaveli prospektinin Besiki küçəsindən Azadlıq meydanına qədər olan hissəsində təmir işlərini 24 saatlıq rejimdə aparmaq tapşırılıb. Lakin avqustun 7-də saat 19:58-də keçirilən yoxlama zamanı obyekt ərazisində müqavilə ilə nəzərdə tutulan işlərin aparılmadığı müəyyən edilib. Müqavilənin şərtlərinə əsasən, işlərin aparılmadığına görə şirkətə müqavilənin ümumi dəyərinin 0,02 faizi həcmində cərimə tətbiq olunub. Müqavilənin ümumi dəyəri 7 milyon 916 min 674,67 lari, tətbiq edilən cərimə isə 1 583,34 lari təşkil edib. Qeyd edək ki, Tbilisinin mərkəzi Rustaveli prospektinin əsas hissəsinin yenidən qurulmasına iyulun 23-də başlanılıb. Əvvəlcədən verilən məlumata görə, işlərin 4 ay ərzində – noyabrın sonunda başa çatdırılması planlaşdırılır. Prospektin əsas hissəsinin reabilitasiyasının ümumi dəyəri 19,761 milyon lari təşkil edir və işləri tenderin qalibi “Smart Solutions” şirkəti həyata keçirir. Bundan əlavə, prospektdə səkilərin reabilitasiyası üçün ayrıca tender elan edilib. Bu işlərin ümumi satınalma dəyəri isə 7 milyon 808 min 234 lari təşkil edir.

www.24news.ge