Haqqımızda Reklam
11 
Avq
2026
18:34
6
0
520

Dini və ictimai xadim Əlibala Əsgərov son mənzilə yola salınıb

Gürcüstanda uzun illər fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının təsisçilərindən biri, tanınmış dini və ictimai xadim, ziyalı Əlibala Əsgərov son mənzilə yola salınıb. 24News.ge xəbər verir ki, Əlibala Əsgərov avqustun 11-də doğulduğu Marneuli bələdiyyəsinin Dəmiyə-Gorarxı kəndində dəfn edilib. Dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, siyasi və ictimai xadimlər, din nümayəndələri, ziyalılar və kənd sakinləri iştirak ediblər. Vida mərasimində çıxış edənlər Əlibala Əsgərovun uzun illər ərzində ictimai və dini sahədə göstərdiyi fəaliyyətlərdən söz açıb, onun yerli icmanın problemlərinə hər zaman həssas yanaşdığını bildiriblər. Qeyd olunub ki, mərhum cəmiyyətin qarşılaşdığı müxtəlif problemləri gündəmə gətirərək onların həlli istiqamətində fəal mövqe nümayiş etdirib. Çıxışlarda Əlibala Əsgərovun ictimai fəallığı, ziyalılığı, dini sahədəki fəaliyyəti və insanlarla səmimi münasibətləri xüsusi vurğulanıb. Onun Marneuli bölgəsinin ictimai həyatında uzun illər fəal iştirak etdiyi və gördüyü işlərlə yadda qaldığı qeyd edilib. Qeyd edək ki, 1956-cı ildə anadan olan Əlibala Əsgərov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. O, avqustun 9-da dünyasını dəyişib. Mərhumun vəfatı onu tanıyanlar, yaxınları və bölgə ictimaiyyəti tərəfindən böyük kədər hissi ilə qarşılanıb. Allah rəhmət eləsin!

www.24news.ge