Haqqımızda Reklam
11 
Avq
2026
18:06
5
1
260

Yeni sürücülər üçün xüsusi sınaq müddətinin tətbiqi planlaşdırılır

Gürcüstanda yeni sürücülər üçün xüsusi sınaq müddətinin tətbiqi planlaşdırılır. 24News.ge xəbər verir ki, bu barədə hökumətin avqustun 5-də qəbul etdiyi qərarla təsdiqlənən 2026–2030-cu illər üzrə Yol Təhlükəsizliyinin Milli Strategiyasında qeyd olunur. Strategiyaya əsasən, yeni sürücülər tərəfindən törədilən yol hərəkəti qaydalarının pozulmasına differensial və daha sərt hüquqi reaksiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bu mexanizmlər sırasında maliyyə sanksiyalarının sərtləşdirilməsi və sürücülük vəsiqəsində daha çox balın silinməsi də yer alır. Sənəddə qeyd olunur ki, bu yanaşma yeni sürücülərin davranışlarının korreksiya olunmasına, məsuliyyət standartının yüksəldilməsinə və nəticə etibarilə onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına kömək edəcək. Gürcüstanda 2024-cü ildə aparılan araşdırmaya əsasən, yol-nəqliyyat hadisələrinin 18 faizdən çoxu 4 ildən az sürücülük təcrübəsi olan şəxslərin təqsiri ucbatından baş verir. Strategiyada yeni sürücülərin yol hərəkətində daha yüksək risk mənbəyi olduğu bildirilir. Bunun bir neçə səbəbi qeyd olunur: “İlk növbədə, onların praktiki təcrübəsi kifayət qədər deyil. Bu səbəbdən təhlükəni əvvəlcədən qiymətləndirmək və mürəkkəb yol şəraitində sürətli qərar qəbul etməkdə çətinlik çəkirlər. Bununla yanaşı, təcrübənin az olması nəqliyyat vasitəsinin idarə olunması texnikası ilə bağlı çətinlikləri də əhatə edir və bu, avtomobil idarə edərkən səhvlərə yol vermə ehtimalını artırır. Bundan əlavə, gənc yaşla bağlı psixoloji amillər – riskə daha yüksək tolerantlıq, sürətə meyillilik və yaşıdların təsiri – yol-nəqliyyat hadisəsi ehtimalını artırır. Nəticədə təcrübə çatışmazlığı ilə davranış xüsusiyyətlərinin birləşməsi yeni sürücüləri yüksək riskli kateqoriyaya çevirir”, – deyə strategiyada qeyd olunur. Sənəddə həmçinin bildirilir ki, Avropa İttifaqında 2025-ci ildə yeni sürücülər üçün ən azı ikiillik sınaq müddətinin tətbiqinə yönəlmiş qərar qəbul edilib. Bu müddət ərzində sürücü tərəfindən törədilən hüquq pozuntularına daha sərt sanksiyaların tətbiqi nəzərdə tutulur.

www.24news.ge