Haqqımızda Reklam
14 
Iyn
2026
20:09
11
3
318

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı rəsm sərgisi və infosessiya keçirilib (FOTO)

Marneulidə Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı rəsm sərgisi və infosessiya keçirilib. 24News.ge xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil Agentliyinin nümayəndələri, “Study in Azerbaijan” layihəsinin əməkdaşları, eləcə də GAİM-də təhsil alan şagirdlər və müəllimlər iştirak ediblər. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxışlar zamanı 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri və əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu tarixi gün ölkədə ictimai-siyasi sabitliyin bərpasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayıb. Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilası və inkişafında dönüş nöqtəsi olduğunu qeyd edib. O bildirib ki, xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə hökm sürən siyasi böhran və xaos aradan qaldırılıb, Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub. Məhəbbət İmanovun sözlərinə görə, həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkə beynəlxalq aləmdə nüfuzunu artıraraq regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Tədbir çərçivəsində GAİM-in rəsm müəlliməsi Xəyalə Mustafayevanın rəsm əsərləri nümayiş olunub. Sərgidə təqdim edilən əsərlər iştirakçılar, xüsusilə də gənclər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd olunub ki, sərgi Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin təbliği və vətənpərvərlik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir çərçivəsində Elm və Ali Təhsil Agentliyinin nümayəndəsi Həcər Kələbiyeva və “Study in Azerbaijan” layihəsinin məsul əməkdaşı Şəbnəm Səfərovanın iştirakı ilə “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiya keçirilib. Çıxışçılar Azərbaycanın ali təhsil sistemi, mövcud təhsil proqramları və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verərək təqdimatlar ediblər. Infosessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Azərbaycanda təhsil imkanlarını əks etdirən məlumat materialları təqdim olunub.

www.24news.ge