Haqqımızda Reklam
14 
Iyn
2026
18:58
16
9
2108

Qarabulaq kəndində çoban amansızcasına döyülüb

Dmanisi bələdiyyəsinin Qarabulaq kəndində İnsaf Əliyev adlı çoban amansızcasına döyülüb. 24News.ge xəbər verir ki, Əliyev bu barədə "Tv Pirveli" telekanalına danışıb. Zərərçəkən deyib ki, ona bir neçə yerli sakin kürək və dəyənəklərlə hücum edib. Onun sözlərinə görə, döyüldükdən sonra hücum edənlər hadisə yerini tərk ediblər, özü isə küçədə huşsuz vəziyyətdə qalıb. 49 yaşlı kənd sakini bildirib ki, ayıldıqdan sonra 112-yə zəng edib, lakin polis hadisə yerinə gəlməyib. Ona kömək üçün yalnız təcili tibbi yardım briqadası gəlib. O iddia edir ki, hadisədə adı keçən beş nəfərin hamısı hələ də azadlıqdadır və hüquq-mühafizə orqanları onları himayə edir: “Qoyunlar evlərin yanından keçir, maşın deyil ki, niyə onları asfaltın kənarına buraxırsan, dedilər. Mən də dedim ki, qoyunun sahibi gəlsin. Qoyunun sahibinə zəng etdim ki, gəl, məni öldürəcəklər. O gələnə qədər artıq məni döymüşdülər. Beş nəfər gəldi, amma üçü məni vurdu. Dəyənəklərlə məni döydülər. Əvvəlcə başıma vurdular, huşumu itirib yıxıldım. Sonra təpiklə vurmağa davam etdilər, az qala ölmüşdüm... Sonra təcili yardıma və patrul xidmətinə zəng etdim ki, kömək edin, məni öldürəcəklər. Onlar isə dedilər: ‘İstədiyin yerə zəng et, Gürcüstanda hər şey mənimdir’... Patrul dedi ki, üç nəfəri yox, yalnız bir nəfəri tutacağıq. Polis əvvəlcə onların kəndinə getdi, təcili yardım isə mənim yanıma gəldi”, - deyə o, telekanala danışıb. Qeyd olunur ki, hadisədən artıq 4 gün keçməsinə baxmayaraq, heç kim saxlanılmayıb. Zərərçəkən istintaqdan hadisəyə effektiv reaksiya verilməsini və məsul şəxslərin cəzalandırılmasını tələb edir.

www.24news.ge