Haqqımızda Reklam
05 
Iyn
2026
11:47
11
8
290

Rusiya Gürcüstanla münasibətlərin genişləndirilməsinə hazır olduğunu bəyan edib

Rusiya Gürcüstanla münasibətlərin genişləndirilməsinə hazırdır. 24News.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. Zaxarovanın sözlərinə görə, Moskva Tbilisi ilə əlaqələrin inkişafında maraqlıdır, lakin bunun qarşılıqlı addımlar əsasında həyata keçirilməli olduğunu vurğulayıb. O, Gürcüstan cəmiyyətində Rusiya ilə dialoqun bərpasına və mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına marağın olduğunu qeyd edib. Rusiya XİN sözçüsü bildirib ki, Moskva Gürcüstanın daxili işlərinə qarışmaq niyyətində deyil və ümid edir ki, Gürcüstanın hazırkı hakimiyyəti xalqın mövqeyini nəzərə alacaq, mövcud imkanları dəyərləndirərək onlardan istifadə edəcək. Zaxarova həmçinin vurğulayıb ki, Rusiya Gürcüstanla münasibətləri mehriban qonşuluq, bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa çalışır. Onun sözlərinə görə, son illərdə ticarət, nəqliyyat, turizm və humanitar əməkdaşlıq sahələrində mühüm irəliləyiş əldə olunub. O qeyd edib ki, bu prosesdə 2023-cü ildə Rusiya tərəfindən hava əlaqəsinin bərpası və Gürcüstan vətəndaşları üçün qısamüddətli səfərlərdə viza rejiminin ləğvi mühüm rol oynayıb. Bundan əlavə, 2024-cü ilin oktyabrından etibarən vizasız rejim Rusiyaya təhsil almaq, işləmək və uzunmüddətli yaşamaq məqsədilə gedən Gürcüstan vətəndaşlarına da şamil olunub. Zaxarovanın sözlərinə görə, bu qərarlar iki ölkə arasında humanitar və biznes əlaqələrinin möhkəmlənməsinə, həmçinin uzun müddət ayrı düşmüş ailələrin daha rahat ünsiyyət qurmasına şərait yaradıb. Zaxarova həmçinin Gürcüstanda casusluqda ittiham olunan Qulbaat Rtsxiladzenin saxlanılmasına münasibət bildirib O bildirib ki, Rtsxiladze uzun illər ərzində açıq şəkildə Rusiya–Gürcüstan münasibətlərinin normallaşdırılmasını dəstəkləyib və iki ölkə arasında fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində fəaliyyət göstərib. Onun sözlərinə görə, Rtsxiladze xalqlar arasında yaxınlaşmaya töhfə verib, ümumi tarixin araşdırılması, o cümlədən İkinci Dünya müharibəsində həlak olanların axtarışı, abidələrin bərpası və tarixi həqiqətin qorunması ilə məşğul olub. Zaxarova qeyd edib ki, o, xüsusilə gürcü xalqının faşizm üzərində qələbəyə verdiyi töhfənin tanınmasını müdafiə edib. Rusiya XİN sözçüsü vurğulayıb ki, Rtsxiladze bütün əlaqələrini açıq və rəsmi şəkildə həyata keçirib. O, həmçinin saxlanılmanın Rtsxiladzenin Gürcüstanın ictimai məkanında rusofobiyanın monitorinqi layihəsini elan etməsindən bir neçə gün sonra baş verdiyinə diqqət çəkib. “Görünür, müəyyən qüvvələr beynəlxalq ictimaiyyətdən ksenofobiya təzahürləri barədə məlumatların gizlədilməsində maraqlıdırlar. Əlbəttə ki, onun taleyi bizi narahat etməyə bilməz”, – deyə Zaxarova bildirib. Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Qulbaat Rtsxiladzeni mayın 30-da casusluq ittihamı ilə saxlayıb. Ona Cinayət Məcəlləsinin 314-cü maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. Həmin maddə casusluq cinayətini nəzərdə tutur və 12 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs iki xarici dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və paralel kəşfiyyat fəaliyyəti həyata keçirib.

www.24news.ge