Haqqımızda Reklam
05 
Iyn
2023
17:02
39
9
1799

Tbilisidə yeni hava limanının tikiləcəyi yer məlum olub

Tbilisidə yeni hava limanı keçmiş Vaziani aerodromunun ərazisində tikilə bilər. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin bugünkü iclasında qeyd edib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırma aparılır və yekun qərar bundan sonra açıqlanacaq. Baş nazir qeyd edib ki, yeni tikiləcək hava limanı regionda aviasiya qovşağına çevrilə biləcək müasir, beynəlxalq səviyyəli hava limanı olacaq: “Bu, bizim kifayət qədər iddialı qərarımızdır, amma düşünürəm ki, bu gün bizim imkanlarımız, təcrübəmiz və ən əsası regionda aviasiya mərkəzi olmaq imkanımız və potensialımız var. İqtisadiyyat Nazirliyi bir neçə aydır ki, fəal işləyir. Yəqin ki, mənimlə razılaşarsınız ki, mövcud hava limanı qənaətbəxş deyil və mənim haqqında danışmaq istədiyim çağırışlara və iddialı məqsədlərimizə cavab verə bilmir. Bizim planlaşdırdığımız sadəcə 5 və ya 10 illik layihə deyil, biz bunun uzunmüddətli layihə olmasını istəyirik. Buna görə də sizə aşağıdakı qərar barədə məlumat vermək istərdim - biz 2 variant hazırlamışıq. Biri mövcud hava limanının birləşdirilməsi və genişləndirilməsi idi, lakin aviasiya mərkəzi olmaq istəyiriksə, bu hava limanı və onun yerləşdiyi yer buna imkan vermir. Ona görə də biz İqtisadi Şurada bu məsələni qaldırdıq və belə qənaətə gəldik ki, əgər biz 20, 30 və 100 il perspektivdə ölkənin qayğısına qalmaq istəyiriksə, lazımi infrastrukturu, yaxşı işləyən hava limanını gələcək nəsillərimizə buraxmaq istəyiriksə bunun üçün yeni yer seçmək lazımdır. Tbilisidə belə bir yer var, Vazianinin keçmiş aerodromu bu məqsəd üçün idealdır. Ona görə də mənim göstərişimlə son bir neçə ay ərzində İqtisadiyyat Nazirliyi bu istiqamətdə fəal iş aparır. İstəyimiz ən yaxşı dizaynerləri, inşaatçıları, memarları bu layihəni öyrənməyə cəlb etməkdir", - deyə İ. Qaribaşvili vurğulayıb. Baş nazir qeyd edib ki, bu, sərnişinlər üçün nəzərdə tutulmuş beynəlxalq səviyyəli tranzit-logistik və müasir hava limanı olmalıdır.

www.24news.ge