Haqqımızda Reklam
10 
Nybr
2026
12:04
9
1
125

Bolnisidə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. 24News.ge xəbər verir ki, tədbir Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Rezo Həsənov çıxışında Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın uzun illər davam edən Qarabağ həsrətinə son qoyulduğunu bildirib. Həsənov bu qələbənin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində əldə olunduğunu vurğulayıb. Tədbirdə ustad aşıq Bafalı Adıgözəlov, Kəpənəkçi və Darvaz ictimai məktəblərinin müəllimi Zakir Məmmədov, Qoçulu ictimai məktəbinin direktoru Vənnahar Qəhrəmanova, müəllimlər Söhrab və Natəvan Mehdiyeva, sabiq deputat və araşdırmaçı tarixçi Ramiz Bəkərov, eləcə də qiraətçi və həvəskar şair Xasi Alıoğlu çıxış ediblər. Çıxışlarda tarixi Qələbənin Azərbaycan xalqının milli iradəsinin, birliyinin və vətənpərvərliyinin təcəssümü olduğu bildirilib. Şəhidlərin fədakarlığı, qazilərin qəhrəmanlığı və Qarabağ həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Həmçinin Dövlət Bayrağının Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və milli kimliyinin rəmzi olduğu qeyd edilib. Tədbirin bədii hissəsində Mərkəzin gəncləri Zəfər Gününə həsr olunmuş şeirlər səsləndiriblər. Daha sonra “8 Noyabr – Qarabağın Əbədi Zəfəri” adlı inşa müsabiqəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

www.24news.ge