Haqqımızda Reklam
26 
Okt
2026
19:52
3
1
285

Rustaveli prospektində hərəkət sxemi dəyişəcək

Tbilisidə Rustaveli prospektinin təmir işləri başa çatdıqdan sonra nəqliyyatın hərəkət sxemi dəyişəcək. Prospektin əsas küçələrlə kəsişmələrində işıqforlarla tənzimlənən yol qovşaqları yaradılacaq. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi Nəqliyyat və Şəhərsalma Agentliyinin rəhbəri Nino Bagaşvili məlumat verib. Onun sözlərinə görə, təmir başa çatdıqdan sonra Rustaveli prospektindən tranzit məqsədilə istifadə ehtiyacı azalacaq. Yeni sxem sürücülərə Mtatsminda istiqamətindəki yuxarı küçələrə, eləcə də Tabukaşvili küçəsinə daha rahat hərəkət etməyə imkan verəcək. "Hazırda Azadlıq meydanından hərəkət edən avtomobil Çavçavadze və ya Lesia Ukrainka küçələrinə çatmaq üçün Zeytun ağacının yaxınlığında dönməlidir. Yeni sxemə əsasən, təmir başa çatdıqdan sonra əsas küçələrin kəsişmələrində işıqforlarla tənzimlənən yol qovşaqları yaradılacaq. Bu qovşaqlar vasitəsilə sola dönərək həm Mtatsmindanın yuxarı küçələrinə, həm də Tabukaşvili küçəsi istiqamətinə hərəkəti davam etdirmək mümkün olacaq”, – deyə Nino Bagaşvili bildirib. Xatırladaq ki, Tbilisinin mərkəzi prospekti olan Rustaveli prospektində təmir işlərinə iyulun 23-də başlanılıb. Əvvəlcədən açıqlanan plana əsasən, işlərin noyabrın sonunda başa çatdırılması nəzərdə tutulur. Layihənin dəyəri 20 milyon 487 min lari təşkil edir. Təmir işlərini tenderin qalibi olan “Smart Solutions” şirkəti həyata keçirir. Yayımlanan vizual görüntülərə əsasən, prospektdə avtobus zolağı və velosiped yolu da salınacaq. Respublika meydanında isə daş örtüyünün sökülərək asfalt örtüyünün döşənməsi, həmçinin bir neçə piyada keçidinin yaradılması planlaşdırılır.

www.24news.ge