Haqqımızda Reklam
19 
Okt
2026
20:17
2
0
319

Mamaladze: “Xalqlarımız arasındakı dostluq dil, din və etnik fərqlərdən daha üstündür”

Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze Azərbaycan və Gürcüstan arasında münasibətlərin mümkün olan ən yüksək inteqrasiya səviyyəsinə çatdığını bildirib. O, iki ölkə arasında tarixi irs, dil, etnik məsələlər və sərhədlərlə bağlı mübahisəli mövzuların elmi araşdırmalar əsasında aydınlaşdırılmasının vacibliyini vurğulayıb. Mamaladze bu barədə Tbilisidə keçirilən “Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masa müzakirəsindən sonra 24News.ge xəbər portalına müsahibəsində danışıb. Politoloqun sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətlərinin təməli vaxtilə mərhum prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub və bu əlaqələr bu gün də inkişaf etdirilir. Mamaladze hesab edir ki, iki ölkə arasında tarixi irs və digər həssas məsələlər kimlərinsə siyasi spekulyasiyalarına buraxılmamalı, alimlər və akademik dairələrin nümayəndələri tərəfindən elmi şəkildə araşdırılmalıdır: "Ölkələrimiz arasında artıq çox böyük işlər görülüb. İstənilən iki ölkə arasında mümkün ola biləcək ən yüksək inteqrasiya səviyyəsi məhz Azərbaycan və Gürcüstan arasında mövcuddur. Bu münasibətlərin təməli vaxtilə Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub və bu gün də inkişaf etdirilir. Lakin çox mühüm bir məqamı vurğulamaq istəyirəm: ölkələrimiz arasında tarixi abidələr, dil, etnik məsələlər və sərhədlərlə bağlı qeyri-müəyyən mövzuları kiminsə spekulyasiyasına buraxmaq olmaz. Çünki açıq desək, Qafqazda sülh Azərbaycan və Gürcüstan arasındakı münasibətlərdən keçir. Ətrafımızda bu münasibətləri pozmağa, vəziyyəti qarışdırmağa çalışan çoxsaylı qüvvələr var. Buna görə də akademik dairələrin nümayəndələri və alimlər bir araya gələrək bütün məsələləri elmi şəkildə araşdırmalıdırlar. İstər Azərbaycandakı kilsələr, istərsə də Gürcüstandakı müsəlman ibadətgahları olsun, hər şey aydınlaşdırılmalıdır. Mən Azərbaycan ərazisində gürcü tarixi irsinin, Gürcüstan ərazisində isə Azərbaycan və digər mədəniyyətlərə aid abidələrin mövcudluğunda heç bir problem görmürəm. Eyni yanaşma etnik qruplarla münasibətlərə də tətbiq edilməli, bütün məsələlər aydınlığa qovuşmalıdır. Bu məsələləri elm həll etməlidir, kiminsə arzusu və ya istəyi deyil. Bunu belə izah edərdim: xalqlarımız arasında qohumluğun təməli o qədər güclüdür ki, bu bağ dil, din və etnik fərqlərdən daha üstün dayanır. Bunu tarix də müəyyən edir. Bizim, belə demək mümkündürsə, ortaq genetik pasportumuz var. Gürcüstan və Azərbaycan əhalisinin 80 faizdən çoxunun elmi və laboratoriya araşdırmaları baxımından qohum olduğu təsdiqlənib. Bölüşdürməli olduğumuz heç nə yoxdur. Hər şeyin tarixi adını müəyyən edə və mübahisəli məsələlərin yaranmasının qarşısını ala bilərik. Bu münasibətləri qorumalıyıq. Hətta hesab edirəm ki, Qafqaz Əməkdaşlıq Mərkəzi yaradılmalıdır ki, heç kim regionda vəziyyəti gərginləşdirə və tərəfləri bir-birinə qarşı qoymağa nail ola bilməsin. Azərbaycan-Gürcüstan münasibətləri Qafqazda sabitliyin əsas dayaqlarından biridir. Biz bu qohumluq və dostluq münasibətlərindən çıxış edərək gələcək perspektivlərimizi də qorumalıyıq", - deyə Levan Mamaladze qeyd edib.

www.24news.ge