Haqqımızda Reklam
19 
Okt
2026
19:31
2
0
159

İmamquliyev: "Marneuli bələdiyyəsində hakim partiyanın nümayəndələri arasında fikir ayrılıqları var" (VİDEO)

24News internet televiziyasında yayımlanan “Sərbəst müzakirə” verilişinin qonağı olan siyasətçi Əhməd İmamquliyev Marneuli bələdiyyəsində hakim “Gürcü Arzusu” partiyasını təmsil edən şəxslər arasında fikir ayrılıqlarının olduğunu iddia edib. 24News.ge xəbər verir ki, veriliş zamanı telejurnalist Azər Məmmədov son dövrlər Marneuli meri Daur İsmayılovun, bələdiyyə məclisinin sədri Amiran Qiorqadzenin və parlamentdə bölgəni təmsil edən deputatların birgə görüşlərinin az görünməsinin səbəbləri barədə sual ünvanlayıb. O, həmçinin yerli problemlərin həlli ilə bağlı müzakirələrin və toplantıların az keçirildiyini qeyd edərək bölgədə hansı siyasi proseslərin baş verdiyini soruşub. Əhməd İmamquliyev cavabında Marneuli bələdiyyəsində yerli idarəetmənin müxtəlif siyasi qrupların və təsir dairələrinin maraqları arasında qaldığını iddia edib. Onun sözlərinə görə, bələdiyyədə təmsil olunan şəxslər arasında fikir ayrılıqları mövcuddur və bu vəziyyət idarəetməyə təsir göstərir. Siyasətçi mer Daur İsmayılov, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze və parlament üzvü Zaur Darğallının mövqeləri ilə bağlı da fikirlərini bölüşüb. O, müxtəlif qruplar arasında razılığın olmamasının qərarların qəbulunu çətinləşdirdiyini irəli sürüb: "Təşəkkür edirəm ki, bu məsələyə də toxundunuz. Bu, bizim üçün bütün məsələlərdən daha vacibdir. Belə gözəl bir atalar sözü var: Əvvəl məscid içi, sonra çölü. Biz Marneulini düşünməsək, Gürcüstanımızı düşünə bilmərik. Marneuli çirklənərsə, Gürcüstan da bizim üçün çirkli görünəcək. Ona görə də məsələyə elə buradan başlamaq istəyirəm. Artıq yerli özünüidarəetmə orqanlarından danışmaq çətindir. Orada oturanlar, mənim fikrimcə, Sozar Subar və Caparidze klanının nümayəndələridir. Onları bir növ xanın buradakı vassalları adlandırardım. Çünki Daur İsmayılov məhz Sozar Subar və Caparidze klanının buradakı nümayəndəsidir. Digər tərəfdən, Şincikaşvilinin — keçmiş qubernator müavininin — də burada öz komandası, klanının üzvləri var. Onlar artıq bələdiyyə məclisində təmsil olunurlar. Bu şəxslər arasında Amiran Qiorqadze və onun ətrafında olan bəzi adamlar, eləcə də bələdiyyə məclisinin yerli deputatları var. Onlar Sozar Subar və Caparidze klanına deyil, Şincikaşvili klanına aiddirlər. Amiran Qiorqadze isə daha çox Axobadzenin və Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqələndirilən qruplaşmanın nümayəndəsi olub. Beləliklə, burada sanki müxtəlif dayaq nöqtələri yaradılmışdı: biri Dövlət Təhlükəsizliyi Xidməti, digəri Şincikaşvilinin komandası, obiri isə parlamentdə Sozar Subar və Caparidze klanının təmsilçiləri. İndi isə bunlar bir-biri ilə yola gedə bilmirlər. Niyə? Çünki Axobadze həbs olundu, daha sonra 500 min lari girov müqabilində azadlığa çıxdı. Bu gün Amiran Qiorqadze, belə demək mümkündürsə, dayağını itirib. Eyni zamanda, Şincikaşvili qubernator müavini vəzifəsindən uzaqlaşdırılıb. Onun klanına aid olan bələdiyyə məclisi üzvləri də əvvəlki mövqelərini itiriblər. Artıq onların söykənə biləcəyi möhkəm bir dayaq yoxdur. Buna görə də özləri üçün yeni dayaqlar axtarırlar. Şincikaşvilinin özünün də vəziyyəti qeyri-müəyyəndir. O, bir xaricə gedir, bir Gürcüstana qayıdır. Belə bir vəziyyətdə şəhərin əsas fiquru olan merin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Lakin mer Daur İsmayılov Sozar Subar və Caparidze klanının nümayəndəsidir. Təəssüf doğuran məqam isə budur ki, mənim müşahidələrimə görə, o, müstəqil qərarlar verməkdə çətinlik çəkir və ailəsinin, xüsusilə də atasının təsiri altında olmağa meyillidir. O, sanki tutduğu vəzifənin məsuliyyətinə tam uyğunlaşa bilməyib". Jurnalist: Əmrləri yuxarıdan alırlar? "Bəli, yuxarıdan alırlar. Amma mən burada onun atasının bəzi məsələlərə müdaxiləsini nəzərdə tuturam. Atası da vasitəçi rolunu oynayır. Çünki Caparidze ilə biznes tərəfdaşıdır. Bütün bunlar onların niyə bir-biri ilə yola getmədiyini izah edir. Daur İsmayılov elə düşünə bilməz ki, məsələn, bir stəkanı götürüb bir yerdən başqa yerə qoymaq istəyirsə, bunu təkbaşına edə bilər. Bunun üçün Amiran Qiorqadzenin, Şincikaşvilinin klanına aid olan yerli deputatların da razılığı lazım olduğunu düşünür. Yəni bələdiyyədə qərarların qəbul edilməsi müxtəlif qrupların razılığından asılı vəziyyətə düşüb. Burada dördüncü bir faktor da var: özünü digərlərindən daha yüksək mövqedə görən parlament üzvümüz Zaur Darğallı. O, hamının üzərində dayanmağa çalışırdı, lakin nəticədə siyasi proseslərdən kənarda qaldı. Bunu futbolla müqayisə etsək, yaxşı oyunçu olsa belə, ehtiyat oyunçular skamyasında saxlanılan futbolçuya bənzətmək olar. Zaur Darğallının vəziyyəti də mənə bunu xatırladır. Nəticədə bu qrupların heç biri digəri ilə yola gedə bilmir. Dediyim kimi, bəziləri əvvəlki dayaqlarını itirib, digərləri isə öz mövqelərini qorumağa çalışırlar. Sozar Subar və Caparidze klanının nümayəndələri də bir-biri ilə razılığa gələ bilmirlər. Keçmiş merin dövründə isə vəziyyət fərqli idi. Həmin vaxt Şincikaşvili öz təsirini daha rahat həyata keçirə bilirdi. Axobadze də proseslərin içində idi. İddialara görə, onlar bir-birinə rəhbərlik edir, rüşvət alır və əldə etdiklərini öz aralarında bölüşdürə bilirdilər. Həmin vaxt razılığa gəlmək onlar üçün daha asan idi. Bu gün isə nə əvvəlki kimi razılığa gələ, nə də bir-birlərinə etibar edə bilirlər. Artıq qarşılıqlı inam yoxdur. Bu inamsızlıq onların birgə fəaliyyət göstərməsinə də mane olur. Məsələnin rəsmi tərəfinə gəldikdə isə, Daur İsmayılov son açıqlamalarında qəzalı binalarla bağlı heç nə edə bilmədiklərini və mərkəzi hökumətdən kömək gözlədiklərini bildirmişdi. Mənim fikrimcə, mer öz səlahiyyətlərini lazımi səviyyədə həyata keçirə bilmir. O, mer kimi üzərinə düşən vəzifələri yerinə yetirməkdə çətinlik çəkir. Bələdiyyə məclisində də büdcənin kifayət etmədiyini əsas gətirmişdi. Halbuki bələdiyyənin 100 milyon lari büdcəsi var. Bu gün faktları hamınız görürsünüz, siz də həmin ərazilərdə çəkiliş aparmısınız. Məsələn, Çereteli küçəsində yolun asfaltlanmasına vəsait ayrılıb. Halbuki qəzalı binaların həyətlərində də təxirəsalınmaz işlər görmək, ən azı sakinlərin problemlərini qismən həll etmək mümkün idi. Bələdiyyədə həyata keçirilən bir sıra layihələrin isə prioritet olmadığını düşünürəm. Söhbət onların ümumiyyətlə həyata keçirilməməsindən getmir. Sadəcə, bu layihələr daha sonraya saxlanıla bilərdi, çünki onlar insanların həyatı və təhlükəsizliyi baxımından birbaşa ölüm-qalım məsələsi deyildi", - deyə Ə. İmamquliyev qeyd edib.

www.24news.ge