Haqqımızda Reklam
25 
Sen
2026
21:50
14
0
583

Yetkinlik yaşına çatmayanlara qarşı qrup şəklində zorakılıqda ittiham olunan şəxs saxlanılıb (VİDEO)

Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə qarşı qrup şəklində alçaldıcı və qeyri-insani rəftar etməkdə, həmçinin analoji cinayət əməllərini təşkil etməkdə ittiham olunan bir şəxsi saxlayıblar. 24News.ge xəbər verir ki, nazirliyin məlumatına görə, saxlanılan şəxs əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır. İstintaqla müəyyən edilib ki, 2023-cü ildə “nasist-faşist” ideologiyasına malik qruplaşmanın liderlərindən biri həmfikirləri ilə birlikdə aralarında yaranmış fikir ayrılığı zəminində tanıdığı yetkinlik yaşına çatmayan şəxsi aldadaraq Tbilisidə yerləşən tərk edilmiş ərazilərdən birinə aparıb. Məlumata görə, həmin ərazidə qrup halında müxtəlif küt alətlərdən istifadə edilməklə yetkinlik yaşına çatmayan şəxsə qarşı fiziki zorakılıq törədilib, həmçinin ona qarşı qeyri-insani və alçaldıcı rəftar həyata keçirilib. İstintaq nəticəsində həmçinin müəyyən edilib ki, 2025-ci ildə təqsirləndirilən şəxs başqa bir yetkinlik yaşına çatmayan şəxsin də qrup halında zorakılığa məruz qalmasını, eləcə də onunla alçaldıcı və qeyri-insani rəftar edilməsini təşkil edib. DİN-in məlumatına görə, cinayət işi üzrə aparılan istintaq çərçivəsində məlum olub ki, yetkinlik yaşına çatmayan şəxsə qarşı fiziki və psixoloji təzyiqin, eləcə də onun ləyaqətini alçaldan hərəkətlərin görüntüləri təqsirləndirilən şəxsin həmfikirləri tərəfindən mobil telefonla çəkilib və internetdə yerləşdirmək məqsədi daşıyıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları kompleks istintaq və prosessual tədbirlər nəticəsində həmin şəxsi hakim qərarı əsasında saxlayıblar. Nazirlik bildirir ki, cinayət əməllərində iştirak edən şəxslərin bir hissəsi artıq cəzaçəkmə müəssisələrində cəza çəkir. Hazırda zorakı və faşist ideologiyasına malik qruplarla əlaqəli digər şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində istintaq tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 144-cü tərsi və 25-144-cü tərsi maddələri ilə aparılır. Sözügedən maddələr 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge