Haqqımızda Reklam
25 
Sen
2026
19:17
8
4
518

Gəlirlər Xidmətinin keçmiş rəhbər müavini 1 il 6 ay azadlıqdan məhrum edilib

Gürcüstan Gəlirlər Xidmətinin rəhbərinin keçmiş müavini Vladimir Xundadze vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə təqsirli bilinib. 24News.ge xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tbilisi Şəhər Məhkəməsi Xundadzeni Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan cinayətdə təqsirli bilib və ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. İstintaq materiallarına əsasən, 2025-ci ilin birinci yarısında Gəlirlər Xidmətinin rəhbər müavini vəzifəsində çalışmış Vladimir Xundadzeni Qoridə xarici brendlərin əmtəə nişanlarından istifadə etməklə qanunsuz şəkildə spirtli içkilər – viski və araq istehsal edən və saxlayan Boris Qoqiçaişvili ilə şəxsi tanışlıq münasibətləri bağlayıb. Prokurorluğun məlumatına görə, Qoqiçaişvili spirtli içkilərin istehsalı üçün zəruri olan müxtəlif məhsulların Gürcüstana təhlükəsiz şəkildə gətirilməsi məqsədilə Xundadzedən kömək istəyib. Həmin dövrdə Xundadzenin xidməti səlahiyyətlərinə gömrük prosedurlarına nəzarət və onların həyata keçirilməsinə rəhbərlik etmək daxil olub. İstintaqın məlumatına əsasən, Xundadze Qoqiçaişviliyə məhsulların ölkəyə gətirilməsi və gömrük rəsmiləşdirilməsinin uyğun vaxtı barədə mütəmadi göstərişlər verib. Həmçinin məhsulların gömrük rəsmiləşdirilməsi zamanı problemlə üzləşməmələri üçün sənədləşmənin hansı məzmunda aparılmalı olduğunu bildirib. Nəticədə, 2025-ci ilin birinci yarısında Qoqiçaişvili spirtli içkilərin istehsalı üçün lazım olan xüsusi qablaşdırmalı şüşə butulkaları, etiketləri, tıxacları və digər məhsulları heç bir maneə olmadan Gürcüstana gətirib. Prokurorluğun açıqlamasında qeyd olunur ki, Xundadze Qoqiçaişvili və onunla əlaqəli şəxslərin törətdiyi cinayət barədə məlumatlı olub. Buna baxmayaraq, onun tərəfindən müvafiq xidməti tədbirlər görülməyib və ağır cinayət barədə digər dövlət qurumlarına məlumat verilməyib. Vladimir Xundadzeyə qarşı ittiham Cinayət Məcəlləsinin 332-ci maddəsinin birinci hissəsi ilə irəli sürülüb və barəsində qətimkan tədbiri olaraq həbs seçilib. Tbilisi Şəhər Məhkəməsi Xundadzeni irəli sürülmüş ittiham üzrə təqsirli bilib və ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

www.24news.ge