Haqqımızda Reklam
19 
Avq
2026
20:51
8
6
540

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi keçirilib (VİDEO)

Qurcaani bələdiyyəsinin Qaçreti qəsəbəsində “Gürcüstanlı gənclərin yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi baş tutub. 24News.ge xəbər verir ki, 17–20 avqust tarixlərini əhatə edən düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Parlaq Gələcək” Kitab Evinin təşkilatçılığı ilə həyata keçirilir. Düşərgə çərçivəsində gənclər üçün müxtəlif maarifləndirici, intellektual və əyləncəli fəaliyyətlər təşkil olunub. İştirakçılar komandalara bölünüb, müxtəlif interaktiv oyun və seminarlarda iştirak ediblər. “Hüquq və vəzifələr”, “İnsan və ətraf mühit” mövzularında seminarlar keçirilib, həmçinin intellektual viktorinalar və rol oyunları təşkil olunub. Bildirilir ki, düşərgənin əsas məqsədi gənclərin bir-biri ilə ünsiyyət qurmasına şərait yaratmaq, komanda ruhunu formalaşdırmaq, liderlik, natiqlik, tənqidi düşüncə və digər vacib bacarıqları inkişaf etdirməkdir. Düşərgədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Sabit Məmmədov və Elvin Əsgərov da iştirak ediblər. Onlar bu cür düşərgələrin gənclərin inkişafında, bir-birini daha yaxından tanımasında və yeni dostluq əlaqələrinin qurulmasında mühüm rol oynadığını bildirərək iştirakçılara uğurlar arzulayıblar. Düşərgədə iştirak edən gənclər də bu cür layihələri yüksək qiymətləndirərək, oxşar təşəbbüslərin davam etdirilməsinin bilik və təcrübə mübadiləsi baxımından, eyni zamanda gürcü və azərbaycanlı gənclərin bir-birinə inteqrasiyasına töhfə verdiyini bildiriblər. Qeyd edək ki, Gürcüstanda keçirilən “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi avqustun 20-də yekunlaşacaq. Düşərgə çərçivəsində təşkil olunan intellektual oyunların qaliblərinə müxtəlif hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim ediləcək. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge