Haqqımızda Reklam
08 
Avq
2026
20:19
2
0
53

“Anaklia Dəniz Limanı” parametrlərin və imkanların azaldılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

“Anaklia Dəniz Limanı” şirkətinin açıqlamasına görə, Anaklia limanının parametrləri və miqyası, eləcə də birinci mərhələdə nəzərdə tutulan funksional imkanları azaldılmayıb. 24News.ge xəbər verir ki, şirkət son günlər müxtəlif siyasi aktorlar tərəfindən Anaklia dərin dəniz limanı ilə bağlı texniki və faktiki baxımdan yanlış məlumatların yayıldığını bildirib. “Anaklia limanının layihə parametrlərinin azaldıldığı və limanın imkanlarının məhdudlaşdırıldığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, faktların manipulyasiyasıdır və layihəni gözdən salmaq məqsədi daşıyır. Anaklia limanının parametrləri, miqyası və birinci mərhələdə nəzərdə tutulan funksional imkanları azaldılmayıb. Design & Build müqaviləsi çərçivəsində ilkin layihədən sonra 100 faizlik detallı layihə hazırlanıb. Bu zaman əlavə hidroloji, geoloji, batimetrik, hidrodinamik və naviqasiya tədqiqatları əsasında dibdərinləşdirmə işlərinin, dalğaqıranın və giriş kanalının parametrləri dəqiqləşdirilib. 17,5-18 metr dərinliyin Panamax tipli gəmilərin qəbulunu məhdudlaşdırdığı barədə iddia yanlışdır. Sözügedən parametrlər həm Panamax, həm də daha böyük Post-Panamax və Bosphorusmax sinfinə aid yüksək yükdaşıma qabiliyyətli konteyner gəmilərinə xidmət göstərməyə imkan verir. Həmçinin 7,5 milyon kubmetr və 5,25 milyon kubmetr dib materialının birbaşa müqayisə edilməsi düzgün deyil. İlk göstərici ilkin layihə mərhələsində, sonuncu – 5,25 milyon kubmetr həcm isə detallı layihələndirmə və yenilənmiş batimetrik məlumatlar əsasında eyni beynəlxalq mühəndislik-məsləhət şirkəti – Royal HaskoningDHV tərəfindən dəqiqləşdirilib. Bu həcm giriş və dönmə kanallarına aiddir. Bundan əlavə, yanalma körpülərinin tikintisi mərhələsində təxminən 3 milyon kubmetrədək əlavə materialın çıxarılması nəzərdə tutulur. Buna görə də bu məlumatlar əsasında limanın “azaldıldığı” qənaətinə gəlmək texniki baxımdan yanlışdır. Layihənin dəqiqləşdirilmiş parametrlərinin gəmilərin təhlükəsiz qəbulunu çətinləşdirəcəyi barədə iddia da əsassız və qeyri-peşəkardır. Giriş kanalının, dönmə akvatoriyasının və dalğaqıranın parametrləri məhz naviqasiya təhlükəsizliyi və real hidrodinamik şərait nəzərə alınmaqla müəyyən edilib. Anaklia çoxmərhələli dərin dəniz limanı layihəsidir. Hazırda dövlət birinci mərhələ üçün zəruri olan əsas dəniz infrastrukturunu inşa edir. Eyni zamanda, Landlord modeli çərçivəsində limanın növbəti mərhələləri və baş planı üzərində iş aparılır. Məqsəd Orta Dəhliz və regionda yük axınının artması ilə limanın imkanlarını genişləndirməkdir. Anaklia limanı azalmır – tikilir və inkişaf edir. İlk gəminin 2029-cu ildə qəbul edilməsi planlaşdırılır. Dövlətin məqsədi Gürcüstanın Orta Dəhlizdəki rolunu gücləndirəcək, ölkənin tranzit imkanlarını artıracaq və uzunmüddətli iqtisadi və strateji maraqlarına xidmət edəcək müasir və rəqabətqabiliyyətli dərin dəniz limanına sahib olmasıdır. Anaklia layihəsi üzrə beynəlxalq və yerli yüksək səviyyəli ekspertlər çalışırlar. Dəniz infrastrukturu ilə bağlı işləri isə gürcü tərəfdaşlarla birlikdə dünyanın aparıcı dəniz tikinti şirkətlərindən biri olan “Jan De Nul” həyata keçirir. Şirkət Avropanın “Böyük Dördlüyü”nün üzvlərindən biridir”, – deyə açıqlamada bildirilib.

www.24news.ge