Haqqımızda Reklam
28 
Iyn
2026
17:01
5
1
234

Marneulidə Vahid Milli İmtahanlara hazırlıq məqsədilə sınaq imtahanı keçirilib (FOTO)

Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 1+4 universitetə hazırlıq üzrə vahid milli imtahan çərçivəsində sınaq imtahanı keçirilib. 24News.ge xəbər verir ki, sınaq imtahanında 150-yə yaxın abituriyent iştirak edib. İştirakçılardan 80-dən çoxu GAİM-də fəaliyyət göstərən riyaziyyat və məntiq hazırlıq kurslarının tələbələri olub. İmtahan bütün iştirakçılar üçün tamamilə ödənişsiz əsaslarla təşkil edilib. Təşkilatçılar qeyd ediblər ki, imtahanın keçirilməsində əsas məqsəd abituriyentlərin bilik və hazırlıq səviyyəsinin qiymətləndirilməsi, onların real imtahan mühitinə uyğunlaşmasının təmin edilməsi və qəbul prosesinə daha səmərəli hazırlaşmalarına dəstək göstərilməsi olub. Sınaq imtahanının hazırlanması və təşkilində GAİM-in təcrübəli riyaziyyat və məntiq müəllimləri Fərzin Məşədiyev, Əhmədalı Babaşov və Emin Məmmədov yüksək peşəkarlıq nümayiş etdirərək mühüm töhfə veriblər. Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov bildirib ki, mərkəzin əsas məqsədlərindən biri gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, elmi biliklərinin artırılması və cəmiyyətə inteqrasiyasının gücləndirilməsidir. “Bu istiqamətdə təhsil sahəsində genişmiqyaslı layihələr və proqramlar həyata keçiririk. Əsas hədəfimiz gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların gələcək uğurları üçün əlverişli imkanlar yaratmaqdır”, – deyə Məhəbbət İmanov qeyd edib.

www.24news.ge