Haqqımızda Reklam
23 
Iyn
2026
09:43
8
1
195

İran Hörmüz boğazında ABŞ ilə birbaşa əlaqə xətti yaradacaq

İran Hörmüz boğazında yarana biləcək insidentlərin və anlaşılmazlıqların qarşısını almaq məqsədilə ABŞ və digər ölkələrlə birbaşa əlaqə mexanizmi yaratmağa razılıq verib. 24News.ge xəbər verir ki, bu barədə İran parlamentinin sədri və beynəlxalq danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf məlumat verib. Qalibaf İsveçrədə keçirilən danışıqlardan qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər arasında koordinasiya mexanizmlərinin, o cümlədən telefon qaynar xəttinin və xüsusi əlaqələndirmə mərkəzinin yaradılması barədə razılıq əldə olunub. Onun sözlərinə görə, bu mexanizm vasitəsilə Hörmüz boğazında fəaliyyət göstərən gəmilər hər hansı problem və ya qeyri-müəyyənlik yarandığı halda aidiyyəti mərkəzlə operativ əlaqə saxlaya biləcəklər. İran parlamentinin sədri qeyd edib ki, yeni sistem boğazda təhlükəsizliyin təmin edilməsinə, gəmiçilik və nəqliyyat axınının fasiləsiz davam etməsinə xidmət edəcək. Qalibaf vurğulayıb ki, İran beynəlxalq hüququn tələblərinə əməl etməyə davam edəcək və yarana biləcək problemlərin həlli üçün operativ addımlar atacaq. O, həmçinin bildirib ki, İsveçrədə keçirilən danışıqlar zamanı İranın dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə olunması və neft sanksiyalarının ləğvi ilə bağlı bəzi məsələlər üzrə də razılıq əldə edilib. Qalibafın sözlərinə görə, əldə olunan anlaşma çərçivəsində İran 12 milyard dollar həcmində dondurulmuş vəsaitə çıxış əldə edəcək. Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas nəqliyyat marşrutlarından biri hesab olunur və burada təhlükəsizliyin təmin olunması beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənilir.

www.24news.ge