Haqqımızda Reklam
21 
Iyn
2026
18:56
9
6
312

Bolnisidə professor Mədəd Çobanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə tanınmış alim, görkəmli dilçi, istedadlı türkoloq, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 24News.ge xəbər verir ki, tədbirin əsas məqsədi professor Mədəd Çobanovun zəngin elmi irsinin təbliği, onun həyat və yaradıcılığının gənc nəslə tanıdılması olub. Tədbir başlamazdan əvvəl Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də professor Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov iştirakçıları salamlayaraq professor Mədəd Çobanovun həyat yolu, elmi fəaliyyəti və zəngin yaradıcılığı barədə ətraflı məlumat verib. Tədbirin təşkilatçılarından olan Tahirə Əliyeva çıxışında alimin həyat və fəaliyyətindən bəhs edib, onun ana dilinin inkişafına, milli-mədəni dəyərlərin qorunmasına və türkologiya elminə verdiyi mühüm töhfələri diqqətə çatdırıb. Anım mərasimində müəllimlər, ziyalılar, mərhum alimin tələbələri, ailə üzvləri və Darvaz ictimai məktəbinin şagirdləri çıxış edərək professor Mədəd Çobanovla bağlı xatirələrini bölüşüblər. Çıxış edən Bolnisinin fəxri vətəndaşı Bayram Abbasov, tarixçi-alim və sabiq deputat Ramiz Bəkirov, Kəpənəkçi və Darvaz ictimai məktəbinin müəllimi Zakir Məmmədov, eləcə də professorun tələbələri Kifayət Cəfərli, Minarə Gərəkova və Tinatin Əliyeva mərhum alimin Azərbaycan elmi və türkologiyasının inkişafına verdiyi əvəzsiz töhfələrdən danışıblar. Natiqlər professorun zəngin elmi və mənəvi irsinin bu gün də aktuallığını qoruduğunu vurğulayıblar. Çıxışlarda həmçinin professor Mədəd Çobanovun gənc nəslin savadlı, vətənpərvər və geniş dünyagörüşlü formalaşması istiqamətində qələmə aldığı kitabların və şeirlərin əhəmiyyətindən bəhs olunub. Tədbirin davamında Darvaz ictimai məktəbinin yuxarı sinif şagirdləri Mələk Bayramova, Gülandam Səfərova, Aytac Bayramova, Məryəm Aslanova, Süphanə Bayramova və Nərgilə Musayeva professorun yaradıcılığına həsr olunmuş şeirlər səsləndirib, hazırladıqları təqdimatları iştirakçılara təqdim ediblər. Həmçinin professor Mədəd Çobanovun oğlu Müşfiq Çobanov tərəfindən tədbir iştirakçıları üçün göndərilən kitablar və digər hədiyyələr şagirdlərə və qonaqlara təqdim olunub. Tədbir iştirakçıları professor Mədəd Çobanovun zəngin elmi və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq, bu qəbildən olan tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Sonda xatirə şəkli çəkdirilib və iştirakçılar üçün çay süfrəsi təşkil olunub.

www.24news.ge