Haqqımızda Reklam
29 
Iyn
2026
21:01
11
2
284

Darvaz kəndində 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan memorialın açılışı olub (FOTO)

Bolnisi bələdiyyəsinin Darvaz kəndində 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş memorialın açılış mərasimi keçirilib. 24News.ge xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, 1990-cı ildə 9 Aprel hadisələrindən bir neçə ay sonra kənd ziyalılarının təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xatirə lövhəsi hazırlanaraq indiki Valeh Hacılar adına Mədəniyyət Evinin qarşısında yerləşdirilmişdi. Bu gün isə həmin memorial yenilənərək, Gürcüstan-Azərbaycan dostluğunu simvolizə edən, gürcü və Azərbaycan dillərində hazırlanmış yeni xatirə lövhəsinin açılışı baş tutub. Açılış mərasimində kənd sakinləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə 9 Aprel və 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub, daha sonra çıxışlar edilib. Çıxışlarda azadlıq və müstəqillik uğrunda canlarından keçən qəhrəmanların fədakarlığının xalqların yaddaşında daim yaşayacağı vurğulanıb. Bildirilib ki, memorialın yenidən qurulması yerli məscidin imamı Tapdıq Hacıyevin və Darvazlı iş adamlarının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilib. Mərasim zamanı kənd sakinləri son dövrlərdə Darvaz dərəsi və kənd ətrafındakı meşə ərazilərində aparılması planlaşdırılan qazıntı və burğu işləri ilə bağlı narahatlıqlarını da dilə gətiriblər. Onlar meşə sahələrinin qırılmasına etiraz etdiklərini bildirərək, Darvaz dərəsində hər hansı qazıntı və burğu işlərinin aparılmasına razı olmayacaqlarını vurğulayıblar. Sakinlər bu məsələdə dövlətin onların mövqeyini dəstəkləyəcəyinə ümid etdiklərini də qeyd ediblər.

www.24news.ge