Haqqımızda Reklam
16 
Iyn
2026
15:23
4
31
400

Qızılhacılıda heyvan sığınacağı üçün torpaq sahəsi ayrılıb (VİDEO)

Marneulidə sahibsiz itlərin saxlanılması üçün tikilməsi nəzərdə tutulan sığınacaq məqsədilə Qızılhacılı inzibati vahidində yerləşən 9 917 kvadratmetr qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3 il müddətinə müvəqqəti istifadəyə verilib. 24News.ge xəbər verir ki, layihə ilə bağlı icra mərhələləri Marneuli Munisipalitetinin meri Daur İsmayılov və Qida Təhlükəsizliyi Agentliyinin İtlərin Hiperpopulyasiyasının İdarə Edilməsi Mərkəzinin rəhbər müavini Tsira Napetvaridze arasında keçirilən görüşdə müzakirə olunub. Görüşdə regionda sahibsiz heyvanlarla bağlı mövcud problemin həlli, eləcə də müasir standartlara cavab verən sığınacağın yaradılmasının əhəmiyyəti vurğulanıb. Görüş çərçivəsində iştirakçılar intermunisipal sığınacağın tikilməsi planlaşdırılan əraziyə də baxış keçiriblər. Layihəyə əsasən, sığınacaq kompleksində müxtəlif təyinatlı binalar, qış və yay üçün ümumi saxlanma volyerləri, karantin zonası, inzibati bina, avtomobil dayanacağı, suyun bioloji təmizlənməsi sistemi və digər zəruri infrastrukturun yaradılması nəzərdə tutulur. Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri bildiriblər ki, Kaxeti və Şida Kartli bölgələrindəki regional sığınacaqlarda tətbiq olunan modelə uyğun olaraq, burada da təhlükəli tullantıların idarə edilməsi üzrə xüsusi proqram həyata keçiriləcək. Həmçinin qeyd olunub ki, obyektin yerləşdiyi ərazi yaşayış məntəqələrindən tövsiyə olunan məsafədən daha uzaqdadır və sığınacaqdan yayılan qoxu ilə bağlı problem gözlənilmir.

www.24news.ge