Haqqımızda Reklam
28 
Nybr
2026
12:10
7
3
538

Hakan Fidan: “Azarkeşlərimizə qarşı bu cür rəftara dözə bilmərik”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Batumidə “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən futbol matçı zamanı baş verən hadisələrə münasibət bildirib. 24News.ge xəbər verir ki, Hakan Fidan İslamabadda keçirilən “Məkkə Birgə Müdafiə Alyansı”nın toplantısından sonra jurnalistlərə açıqlamasında hadisələri qəbuledilməz adlandırıb. Nazir bildirib ki, hadisələr baş verən zaman Pakistana səfər edirmiş və dərhal Gürcüstanın xarici işlər naziri ilə əlaqə saxlayıb. O, həmçinin Türkiyənin Gürcüstandakı səfiri və baş konsulu ilə də birbaşa əlaqə saxladıqlarını qeyd edib. Hakan Fidanın sözlərinə görə, Türkiyənin əsas məqsədi ərazidə vəziyyətin gərginliyini azaltmaq, heç bir Türkiyə vətəndaşının həbsdə qalmamasını, xəsarət almamasını və onlara lazımi diqqətin göstərilməsini təmin etmək olub. Nazir əlavə edib ki, prosesə Türkiyənin digər dövlət qurumları da cəlb olunub və intensiv fəaliyyət göstəriblər. Onun sözlərinə görə, bu gün Türkiyənin Ankaradakı Gürcüstan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona lazımi xəbərdarlıqlar edilib və müvafiq görüş keçirilib. Fidan Batumidə baş verənləri iki ölkə arasındakı münasibətlərin səviyyəsinə uyğun olmayan hadisə kimi qiymətləndirib. “Bu, bizim üçün son dərəcə qəbuledilməz vəziyyətdir. Bu cür hadisələr iki ölkə arasında mövcud münasibətlərin səviyyəsinə uyğun deyil. Azarkeşlərimizə qarşı bu cür rəftara dözə bilmərik. Düşünürəm ki, bu məsələ ilə bağlı mesajlarımız qarşı tərəfə çatıb”, – deyə Türkiyənin xarici işlər naziri bildirib.

www.24news.ge