Haqqımızda Reklam
24 
Okt
2026
19:42
5
0
46

Gürcüstan və Türkiyə universitetlərarası əməkdaşlığı genişləndirir (FOTO)

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. 24News.ge xəbər verir ki, sənədi Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze və Türkiyə Respublikasının Ali Təhsil Şurasının prezidenti, professor Erol Özvar imzalayıblar. Memorandum Gürcüstan və Türkiyə universitetləri arasında tərəfdaşlığın inkişafını, tələbə və akademik heyətin mübadiləsinin təşviqini, birgə təhsil proqramlarının və elmi tədqiqatların həyata keçirilməsini, təcrübə və məlumat mübadiləsini, həmçinin akademik dərəcə və diplomların tanınması sahəsində əməkdaşlığı nəzərdə tutur. Görüş zamanı tərəflər memorandumda əks olunan əsas əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Eyni zamanda, bu sahədə işçi qrupunun yaradılması qərara alınıb. Qrupa Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya və Türkiyə Ali Təhsil Şurası prezidentinin müavini, professor Naci Gündoğan rəhbərlik edəcəklər. İşçi qrupu universitetlər arasında tələbə və akademik heyət mübadiləsi, akademik əməkdaşlıq və birgə elmi layihələrin inkişafı məsələləri üzərində çalışacaq. Givi Mikanadze ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına diqqət çəkib. O, yeni universitet tərəfdaşlıqlarının yaradılmasının, birgə təhsil və tədqiqat fəaliyyətinin təşviqinin əhəmiyyətini vurğulayıb. Erol Özvar isə memorandumun əhəmiyyətindən danışaraq, onun həyata keçirilməsinin universitetlər arasında birbaşa əlaqələri gücləndirəcəyini, tələbə və akademik heyətin mübadiləsi imkanlarını genişləndirəcəyini qeyd edib. Tərəflər, həmçinin Türkiyənin ali təhsil müəssisələrində gürcü dili, ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı gürcüstanşünaslıq istiqamətlərinin və akademik proqramların inkişafı imkanlarını müzakirə ediblər. Bu istiqamətdə əməkdaşlığın gürcü dilinin, mədəniyyətinin və tarixinin təbliğinə, eləcə də akademik əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilib.

www.24news.ge