Haqqımızda Reklam
15 
Okt
2026
10:44
7
0
151

ABŞ-da sığınacaq almaq üçün saxta sənədlər hazırlayan şəxs Gürcüstana ekstradisiya edilib (VİDEO)

Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında transmilli mütəşəkkil cinayətdə ittiham olunan Giorgi Xatiaşvili Argentinadan Gürcüstana ekstradisiya edilib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. Qurumun məlumatına görə, Giorgi Xatiaşvili digər təqsirləndirilən şəxslərlə birlikdə maddi qazanc əldə etmək məqsədilə cinayətkar qrup yaradıb. Qrupun əsas məqsədi ABŞ-da sığınacaq almaq istəyən Gürcüstan vətəndaşları üçün saxta məlumatlar, yəni “keyslər”, eləcə də bu məlumatları təsdiqləmək üçün saxta sübutlar hazırlamaq olub. İstintaqın məlumatına əsasən, qrup üzvləri Gürcüstan vətəndaşlarını hazırladıqları sənədlər və uydurduqları hekayələr vasitəsilə ABŞ-da problemsiz sığınacaq ala biləcəklərinə inandırıblar. Onlar vətəndaşların Gürcüstanda müxtəlif səbəblərdən, o cümlədən siyasi baxışlarına, cinsi oriyentasiyalarına və ya hüquq-mühafizə orqanları tərəfindən təqib olunmalarına görə təzyiqlərlə üzləşdikləri barədə saxta hekayələr hazırlayıb, bunları əsaslandırmaq üçün saxta sənədlər düzəldiblər. Prokurorluğun bildirdiyinə görə, 2023–2026-cı illərdə cinayətkar qrupun xidmət təklif etdiyi 1000-dən çox şəxs müəyyən edilib. Qrup üzvlərinin həmin şəxslərdən təxminən 600 min lari, 2 milyon 250 min ABŞ dolları və 12 500 avro aldıqları bildirilir. Ekstradisiya edilən Giorgi Xatiaşviliyə qarşı Gürcüstan vətəndaşının xarici ölkədə qanunsuz qalmasına kömək etmək, sığınacaq almaq məqsədilə xarici ölkəyə yanlış məlumatların təqdim olunmasını təşkil etmək və buna yardım göstərmək, həmçinin saxta rəsmi sənədlər hazırlamaq və satmaq ittihamları irəli sürülüb. İş üzrə daha 9 nəfər də məsuliyyətə cəlb edilib. Baş Prokurorluğun məlumatına əsasən, Gürcüstan Prokurorluğu və ABŞ səfirliyinin Regional Təhlükəsizlik Xidmətinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində mütəşəkkil cinayətkar qruplar müəyyən edilib. Qurum qeyd edib ki, ABŞ-da immiqrasiya siyasətinin sərtləşdirilməsi və sərhədi keçməyin çətinləşməsi fonunda bu cür saxta sığınacaq işlərinin hazırlanması ilə məşğul olan şəxslər fəaliyyət göstəriblər. Prokurorluq həmçinin bildirib ki, iş üzrə axtarışda olan daha bir şəxs Gürcüstan tərəfinin səmərəli beynəlxalq hüquqi əməkdaşlığı nəticəsində Almaniyadan ekstradisiya edilib. Məlumata görə, Argentinanın səlahiyyətli qurumları Gürcüstan tərəfinin ekstradisiya ilə bağlı vəsatətini tam təmin ediblər. Prokurorluq bunu Avropa və regiondan kənar ölkədən həyata keçirilən ilk ekstradisiya işi kimi qiymətləndirib. Qurum ekstradisiya prosesinin həyata keçirilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görən Gürcüstanın Ədliyyə Nazirliyinə və Xüsusi Penitensiar Xidmətə təşəkkür edib. Bundan əlavə, Baş Prokurorluq iş üzrə xarici tərəfdaşlarla, xüsusilə ABŞ Federal Təhqiqat Bürosu və ABŞ-ın Tbilisidəki səfirliyinin Regional Təhlükəsizlik Xidməti ilə fəal əməkdaşlıq edildiyini vurğulayıb.

www.24news.ge