Haqqımızda Reklam
15 
Okt
2026
09:09
2
0
108

İstanbulda güclü yağış həyatı iflic etdi (VİDEO)

İstanbulda şiddətli leysan və fırtına şəhərdə həyatı iflic edib. Güclü yağış nəticəsində şəhərin bir sıra ərazilərində subasmalar baş verib, bəzi yolları və yeraltı keçidləri su basıb. Sürücülər hərəkət etməkdə çətinlik çəkib, bəzi avtomobillər su altında qalıb. 24News.ge xəbər verir ki, təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib. Məlumata görə, 14 yaşlı vətəndaş su basmış ərazini üzərək keçmək istəyərkən onu elektrik cərəyanı vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan şəxs həkimlərin bütün səylərinə baxmayaraq, dünyasını dəyişib. Bundan əlavə, küçədə evinin qarşısında sel sularını keçərək yolun o biri tərəfinə adlamağa çalışan 34 yaşlı şəxs ayağının sürüşməsi nəticəsində yıxılaraq başını səkiyə çırpıb. Həmin şəxsi ətrafdakı vətəndaşlar xilas ediblər. Xəstəxanada müalicəyə alan İstanbul sakini göstərilən bütün tibbi müdaxilələrə rəğmən həyatını itirib. İstanbul Valiliyi isə leysan yağışlarının yaratdığı fəsadların statistikasını açıqlayıb. Məlumata görə, şəhərboyu 8 min şəxsi heyət, eləcə də 2 min avtomobil və xüsusi texnika əraziyə cəlb olunub. Qeyd olunub ki, ümumilikdə 2 518 şikayət daxil olub. Bunlardan 1 277-si subasma, 15-i torpaq sürüşməsi, 47-si köməksiz vəziyyətdə qalma, 13-ü ağac aşması və 2-si dam uçması ilə bağlıdır. Xəbərdə bildirilir ki, yağışlarla əlaqədar İstanbulda tədris prosesi bir günlük dayandırılıb. İstanbul Beynəlxalq Hava Limanına uçuş həyata keçirən 40-dan çox təyyarə əlverişsiz hava şəraiti səbəbindən digər hava limanlarına yönləndirilib.

www.24news.ge