Haqqımızda Reklam
06 
Avq
2026
12:08
3
0
330

Diplomatik müdaxilə: Azərbaycan səfirliyi sürücülərlə bağlı sorğu göndərdi

Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük avtomobili sürücüsünün günlərlə gömrük məntəqələrində saxlanıldığı bildirilir. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycanın "Report" xəbər agentlyi TIR sürücülərinə istinadən məlumat verib. Sürücülər əsasən “Sarp” və “Qırmızı Körpü” sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddət gözlədiklərini deyirlər. Onların sözlərinə görə, saxlanılmanın səbəbi barədə rəsmi izahat verilmir. Sürücü Teymur Sultanov bildirib ki, artıq 15 gündür gömrük ərazisində saxlanılır və səbəblə bağlı heç bir açıqlama verilmir. Digər sürücü Eldəniz Məmmədliyev isə bir aydan çoxdur Gürcüstanda qaldığını, sənədlərinin alındığını və avtomobilinin söküldüyünü deyib. Sürücülər Bəhadur Əliyev və İman Əliyev də Batumidə gömrük prosedurlarının uzanması səbəbindən günlərlə gözlədiklərini bildiriblər. Onların sözlərinə görə, bütün sənədlər təqdim olunsa da, problem barədə məlumat verilmir. Məlumata görə, bəzi hallarda Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin xüsusi icazə sənədi tələb olunur. Yük sahibi Sahib Əliyev isə bildirib ki, həmin sənədlə əvvəllər dəfələrlə tranzit daşımalar həyata keçirilib və mövcud vəziyyətin bürokratik anlaşılmazlıqdan qaynaqlandığını ehtimal edir. Sürücülər həmçinin gömrük əməkdaşlarının münasibətindən narazıdırlar və problemlə bağlı aydın izahat tələb edirlər. Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyi bildirib ki, vəziyyət nəzarətə götürülüb və Gürcüstan Xarici İşlər Nazirliyinə diplomatik sorğu göndərilib. Hazırda məsələ aidiyyəti qurumlarla birlikdə araşdırılır. Qeyd olunur ki, bu cür hallar əvvəllər də qeydə alınsa da, bu dəfə gözləmə müddətinin uzunluğu və qeyri-müəyyənlik sürücülər arasında ciddi narahatlıq yaradıb.

www.24news.ge