Haqqımızda Reklam
14 
Iyl
2026
11:03
19
3
1967

Dmanisi, Tetritskaro, Qurcaani, Tsalka və digər bölgələrdə korrupsiya əməliyyatı keçirilib - 28 nəfər saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi ölkənin 9 regionunda həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar nəticəsində 28 nəfərin saxlanıldığını və cinayət məsuliyyətinə cəlb edildiyini açıqlayıb. 24News.ge xəbər verir ki, bu barədə DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, 14 müxtəlif cinayət işi üzrə aparılan istintaq çərçivəsində rüşvət alma, saxta rəsmi sənədlərin hazırlanması və satışı, qrup halında kommersiya rüşvətxorluğu, dövlətə məxsus vəsait və torpaq sahələrinin dələduzluq yolu ilə mənimsənilməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə faktları aşkarlanıb. Dövlət satınalmalarında dələduzluq DTX-nin məlumatına görə: 5 cinayət işi üzrə 3 nəfər saxlanılıb, 11 nəfərə ittiham irəli sürülüb; İşlər Tsalka, Axaltsixe və Tetritskaro bələdiyyələrində yolların, içməli su şəbəkələrinin və dövlət məktəblərinin təmiri zamanı sənədlərin saxtalaşdırılması və on minlərlə lari dövlət vəsaitinin mənimsənilməsi ilə bağlıdır. İstintaq həmçinin müəyyən edib ki, bəzi təqsirləndirilən şəxslər Tbilisidəki uşaq bağçaları və Batumidəki pulsuz yeməkxanalar üçün keçirilən dövlət satınalmaları çərçivəsində müqavilədə nəzərdə tutulduğundan daha az həcmdə və fərqli markalı Pasxa ərzaqları, eləcə də aşağı keyfiyyətli dezinfeksiya vasitələri təqdim ediblər. Bu qanunsuz əməllər nəticəsində dövlətə 669 497 lari məbləğində ziyan dəyib. Dövlət torpaqlarının qanunsuz mənimsənilməsi: DTX bildirib ki, 3 cinayət işi üzrə 7 nəfərə dövlət torpaqlarının dələduzluq yolu ilə mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamı irəli sürülüb. İstintaqa əsasən, Dmanisi, Qurcaani və Tsalka bələdiyyələrinin meriyaları və bələdiyyə məclislərinin bəzi nümayəndələri saxta sənədlər əsasında ümumilikdə 91 564 kvadratmetr dövlət torpağını qanunsuz mənimsəyiblər. Nəticədə dövlətə 397 804 lari ziyan dəyib. Rüşvət alma faktları: Rüşvət alma ilə bağlı 3 cinayət işi üzrə 3 nəfər saxlanılıb. İstintaqın məlumatına görə, Lançxuti və Tetritskaro meriyalarının, həmçinin Oni Meşə Xidmətinin əməkdaşları Gürcüstan və xarici ölkə vətəndaşlarından: dövlət torpağında səyyar ticarət obyektinin ("drive") yerləşdirilməsi və sonradan himayə olunması; dövlət torpağının arıçılıq təsərrüfatı üçün ayrılması; qanunla qadağan olunmuş palıd ağaclarının kəsilməsi və meşədən çıxarılmasına şərait yaradılması müqabilində rüşvət alıblar. Saxta sənədlərin hazırlanması: Daha 3 cinayət işi üzrə 4 nəfər saxta rəsmi sənədlərin hazırlanması, satışı və qrup halında kommersiya rüşvətxorluğu ittihamı ilə saxlanılıb. Araşdırmaya əsasən, onlar saxta sürücülük vəsiqələri, Gürcüstan pasportları və özəl ali təhsil müəssisələrindən birinin saxta bakalavr diplomlarını hazırlayaraq satmaq müqabilində pul alıblar. DTX bildirib ki, istintaq çərçivəsində məhkəmə qərarı əsasında gizli istintaq hərəkətləri həyata keçirilib və cinayət əməllərini təsdiqləyən audio və videogörüntülər əldə olunub. Qurum qeyd edib ki, korrupsiya cinayətlərinin aşkarlanması və qarşısının alınması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.24news.ge