Haqqımızda Reklam
06 
Iyl
2026
19:57
10
4
1518

Qızılhacılıda yeni qaz tarifi ilə bağlı yayılan məlumatlara SEMEK-dən açıqlama gəlib

Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) qazpaylayıcı "Mamed" MMC tərəfindən Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi və Marneuli şəhərinin 26 May küçəsində yaşayan abonentlərə göndərilən təbii qaz tarifi ilə bağlı SMS mesajına münasibət bildirib. 24News.ge xəbər verir ki, Komissiya "Mamed GAS"ın abonentlərə göndərdiyi SMS-də yer alan məlumatların həqiqəti əks etdirmədiyini və vətəndaşları çaşdırmağa yönəldiyini bəyan edib. Komissiya vurğulayıb ki, Qızılhacılı kəndinin sakinləri təbii qazdan istifadəyə görə SEMEK tərəfindən təsdiqlənmiş 47 tetri/kubmetr (ƏDV daxil) tarif əsasında ödəniş edəcəklər. "SEMEK"in yaydığı məlumatda deyilir: "Mamed MMC-nin əhaliyə göndərdiyi, guya 2026-cı il 6 iyul tarixindən etibarən təbii qazın haqqının kommersiya tarifi – 1,29 lari/kubmetr ilə hesablanacağı barədə SMS tamamilə yalandır və əhalini qəsdən çaşdırmağa yönəlmiş cəhddir. Qızılhacılı kəndinin sakinləri təbii qazın haqqını SEMEK tərəfindən təsdiq edilmiş 47 tetri/kubmetr (ƏDV daxil) tarifi ilə ödəyəcəklər. SEMEK xatırladır ki, 'Mamed MMC' tərəfindən lisenziya şərtlərinin pozulması səbəbindən Komissiyada şirkətin təbii qazın paylanması üzrə lisenziyasının ləğv edilməsi ilə bağlı açıq inzibati icraat aparılır. Komissiya eyni zamanda bildirir ki, Mamed MMC-nin lisenziyasının ləğvi əhalinin təbii qazla təminatında heç bir fasilə yaratmayacaq. İstehlakçılar təbii qazı fasiləsiz alacaqlar və ödənişləri SEMEK tərəfindən əhali üçün müəyyən edilmiş 47 tetri/kubmetr (ƏDV daxil) tarifi ilə həyata keçirəcəklər. Mamed MMC-nin təbii qazın paylanması üzrə lisenziyasının ləğv edilməsinə səbəb şirkətin lisenziya şərtlərinə əməl etməməsidir. Belə ki, şirkət aldığı təbii qaza görə yığılmış borclarını ödəmir. Bundan əlavə, SEMEK tərəfindən təsdiq edilmiş tarifə baxmayaraq, Mamed MMC istehlakçılara özbaşına olaraq Komissiyanın müəyyən etdiyi tarifdən yüksək – 57 tetri/kubmetr (ƏDV daxil) tarif tətbiq edib. Bununla bağlı hazırda müvafiq istintaq orqanları tərəfindən araşdırma aparılır".

www.24news.ge