Haqqımızda Reklam
13 
Mar
2026
18:25
27
24
1329

"Gürcüstan hökuməti müsəlmanların çətin günündə yanında oldu" — Hacı Rasim Məmmədov

Marneuli İmam Əli (ə) Məscidində cümə xütəsi zamanı imamcümələrdən biri olan Hacı Rasim Məmmədov Gürcüstan hökumətinin son dövrlərdə müsəlmanlarla bağlı sərgilədiyi mövqeyə diqqət çəkib. 24News.ge-nin məlumatına görə, Hacı Rasim Məmmədov hökumətin ölkə və dünya müsəlmanları qarşısında tutduğu mövqeyi təqdirəlayiq adlandırıb. O, qeyd edib ki, Gürcüstan hökumətinin müsəlmanlarla həmrəy olması, dəstək göstərməsi və yeni seçilən ali dini liderə təbrik məktubu göndərməsi böyük bir dəyərdir: "Təqdirəlayiq bir haldır ki, həqiqətən, müsəlmanların çətin günlərində Gürcüstan hökuməti onların yanında mövqe sərgilədi. Misal olaraq deyirlər: iki şəxsi heç vaxt unutmayın — biri dar gündə sizi tək qoyan, digəri isə dar gündə sizin yanınızda olan. Bəzi şəxslər keçən cümlələrdə bizim çıxışımızı düzgün başa düşməmişdilər və bizə etiraz edirdilər ki, “siz filankəsləri tərif etmisiniz”. Allah şahiddir ki, biz heç kimi tərif etməmişik, sadəcə mövcud vəziyyəti düzgün çatdırmağa çalışmışdıq. İndi o adamların çoxuna aydın oldu ki, o zaman dediyimiz sözlər səhv deyildi. Biz siyasətçi deyilik ki, bizə müxalifətçi və ya iqtidar yanlı deyəsiniz. Bu sözlər ruhaniyyəti və dindarlığı kiçiltməkdir. Fərq etməz, istər müsəlman, istər xristiyan dini kəsim — Dövlətin var oluşunu təşkil edən əsas sütunlardır və bu kəsimə siyasətçi demək düzgün deyil. Mümkündür ki, bir adam müxalifətdə olaraq xalqının haqqını müdafiə etsin, bir başqası isə hakimiyyətdə olaraq xalqına zülm etsin, və ya bunun əksi də ola bilər. Lakin bu vəziyyətdə Gürcüstan hökumətinin müsəlmanlarla həmrəy olması, dəstək göstərməsi və hətta yeni seçilən ali dini liderə təbrik məktubu göndərməsi böyük bir dəyərdir. Biz bunu təqdir edirik. İnşallah gün gələr ki, keçmişdə olduğu kimi, müsəlmanlar və digər vətəndaşlar öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirərlər. Biz burada ideal hökumətdən danışmırıq; məscid tikintisi və digər bir sıra dini mövzularda nöqsanlar da var. Hər kəs bu mövzuda danışırsa, Allah qəbul etsin", - deyə Hacı Rasim Məmmədov vurğulayıb.

www.24news.ge