Haqqımızda Reklam
03 
Apr
2024
11:59
17
38
781

Gürcüstanda “Xarici agentlər haqqında” qanun yenidən parlamentə təqdim ediləcək

Hakim “Gürcü Arzusu” partiyası “Xarici agentlər haqqında” qanunu yenidən parlamentə təqdim edəcək. 24News.ge xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının sədri Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib. Bildirib ki, parlament çoxluğu partiyanın siyasi şurası ilə məsləhətləşmələrdən sonra xarici təsirlərin şəffaflığı haqqında qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını qəbul edib. Mdinaradze QHT-lərin xaricdən qəbul etdiyi vəsaitin 90%-nin açıqlanmadığını, bunun dövlət təhlükəsizliyinə təhdid törətdiyini bildirib. O, qanun layihəsinin mətninin ötən ilki ilə eyni olacağını, yeganə fərqin “xarici təsir agenti” sözü əvəzinə “xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilat” olacağını qeyd edib. Qeyd edək ki, sözügedən qanun layihəsi ilk dəfə 2023-cü ilin fevralında parlamentə təqdim edilib. Lakin Prezident Salome Zurabişvili, eləcə də ABŞ Dövlət Departamenti, Gürcüstanın digər beynəlxalq tərəfdaşları qanun layihəsinin ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıracağını, QHT nümayəndələrini “xarici agent” kimi damğalayacağını bəyan edərək “Gürcü Arzusu”nu qanun layihəsindən imtina etməyə çağırıb. Qanun layihəsi ilə əlaqədar ötən ilin martında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Tbilisidə genişmiqyaslı etiraz aksiyaları təşkil edilib. Aksiyaların polislə iğtişaşlara çevrilməsindən sonra hakim partiya qanun layihəsini ikinci oxunuşda rədd edib. Ölkə müxalifəti hakimiyyəti “Rusiya qanunu” hazırlamaqda ittiham ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989