Haqqımızda Reklam
26 
Yan
2023
17:48
45
11
4254

Bayramovlar ailəsi evlərindən külli miqdarda pulun oğurlandığını, cinayətkarların isə məsuliyyətə cəlb olunmadığını bildirirlər

Bolnisi bələdiyyəsinin Qoçulu (Capala) kəndində yaşayan Bayramovlar ailəsi 2022-ci ilin 4 may tarixində evlərindən külli miqdarda pulun oğurlandığını, ancaq bu günədək hadisəni törədənlərin tapılaraq məsuliyyətə cəlb edilmədiklərini bildirirlər. 24News.ge xəbər portalına müsahibə verən Bayramovlar ailəsinin üzvləri hadisə zamanı evlərindən 34 000 lari oğurlandığını qeyd ediblər. Evin xanımı Səlminaz Bayramovanın sözlərinə görə, oğurluq hadisəsi baş verən zaman oğlu ilə birlikdə əkin sahəsində olublar. Həyat yoldaşı Hüseyn Bayramov isə bir müddətlik evdə olmayıb. O, evə qayıtdığı zaman pəncərənin açıq və yatağın dağınıq olduğunu, evdə olan məbləğin isə götürüldüyünü görüb. Ailə daha sonra Daxili İşlər Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayıb və polislər əraziyə gələrək araşdırmaya başlayıblar. Onların sözlərinə görə, polis hadisəni törədənin əl izini də aşkar edib. Bayramovlar ailəsi baş vermiş hadisədən 8 ay keçməsinə baxmayaraq, istintaqın gedişatı ilə bağlı məlumata sahib olmadıqlarından və heç kimin məsuliyyətə cəlb edilmədiyindən şikayətlənirlər. Xəbər portalımızın əməkdaşları məsələ ilə bağlı Bolnisi rayon polis şöbəsinin qaynar xətti ilə əlaqə saxlayıblar. Polis şöbəsindən bildirilib ki, istintaqın gedişatı ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək. Bayramovlar ailəsinin cinayət məsələsi ilə bağlı əməkdaşlıq etdiyi hüquqşunas Nairaya gəldikdə isə gün ərzində bir neçə dəfə onunla əlaqə saxlasaq da, məşğul olduğunu əsas gətirərək suallarımızı cavabsız qoyub. Qeyd edək ki, əməkdaşlarımızın Bayramovlar ailəsinin şikayəti ilə bağlı hazırladığı daha geniş reportajı axşam saat 21:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxılışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989