Haqqımızda Reklam
03 
Avq
2022
18:25
10
64
2816

Dəllər kəndində qazıntı işləri aparmağa hazırlaşan şirkətin İvanişvili və onun bibisi oğlu ilə əlaqəli olduğu məlum olub

Bolnisi Bələdiyyəsinin Muşevani (Dəllər) kəndi ərazisində qazıntı işləri aparmağa hazırlaşan "Aremji Gold" şirkətinin Bidzina İvanişvili və onun bibisi oğlu Uça Mamaçaşvili ilə əlaqəli olduğu məlum olub. 24News.ge xəbər verir ki, bu barədə "Formula" telekanalının hazırladığı süjetdə bildirilir. Qeyd olunub ki, "Aremji Gold" şirkəti, Meşə Agentliyindən Bolnisi Bələdiyyəsinin Muşevani (Dəllər) kəndi ərazisində 9 hektaradək torpaq sahəsini 20 illik almaq üçün müraciət edib. Yekun qərardan sonra isə sözügedən kompaniya ərazidə filiz hasilatı ilə bağlı qazıntı işləri aparmağı planlaşdırır. İctimai fəallar kompaniyanın bu fəaliyyətinin ərazidə ekoloji fəlakətə səbəb ola biləcəyindən ehtiyyatlanırlar. Onların sözlərinə görə, sözügedən ərazi yaşayış massivindən 500-600 metr məsafədə yerləşir. "Yaşıl Alternativ" təşkilatının rəhbəri, Nino Qucaridzenin sözlərinə görə, ərazinin faydalı qazıntıların axtarılması üçün "Aremji Gold" şirkətinə verilməsi bir sıra problemlərə səbəb olacaq. Onun sözlərinə görə, əhalinin otlaq sahələri məhv olacaq. Bundan başqa qazıntı işləri zamanı il ərzində ərazidə 55-dək partlayış nəzərdə tutulur ki, bu da yaşayış evlərinə ciddi zərər verə bilər. Qucaridze həmçinin bildirib ki, sözügedən kompaniyanın sahibləri olan Dimitri Troiski və Dimitri Korjoevi Rusiya prezidenti Vladimir Putinin tərəfdaşı olan biznesmenlərdir. Mövcud vəziyyətlə bağlı kənd sakinlərinə hüquqi yardım edən "Salam" platforması da öz narahatlığını ifadə edir: "Bu gün həmin kəndin çox sayda infrastruktur problemi mövcuddur. Necə deyə bilərik ki, sözügedən kompaniya Gürcüstana xeyir verir? Kompaniyanın qazıntılar aparmağı nəzərdə tutduğu kənddə hansı töhvəsi var? Bu gün o kənddə qaz, yol, uşaq bağçası nə də normal məktəb yoxdur. Həmin kəndə hər şey daha da arxaya doğru gedir. Proyekt başladığı zamanı isə kənd üçün daha böyük problemlər yaranacaq,"- deyə R. İsmail bildirib. Qeyd edək ki, kənd sakinləri sözügedən məsələ ilə bağlı imza toplayaraq rəsmi qurumlara öz narazılıqlarını ifadə edən ərizə təqdim ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989