Haqqımızda Reklam
07 
Iyn
2022
12:12
16
10
723

Azərbaycanın din və dövlət qurumlarının nümayəndə heyəti Tbilisi cümə məscidində şeyx və müfti ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri Tbilisidəki Cümə məscidində olublar. 24News.ge xəbər verir ki, qonaqlara məscidin tarixi, burada saxlanılan nadir tarixi minbər və XVIII əsrdə əl ilə yazılmış və cəmi 5 nüsxədən ibarət Quran-i Kərimin nadir nüsxəsi haqda məlumat verilib. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, şərqi Gürcüstan üzrə müfti Etibar Eminov və idarənin bir neçə nəfərdən ibarət əməkdaşları ilə birgə Azərbaycan nümayəndə heyəti ilə görüş baş tutub. Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi qonaqlara Gürcüstandakı müsəlmanların dini sahədə vəziyyəti, İdarənin son illərdə gördüyü işlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət proqramları haqda məlumat veriblər. Bildirilib ki, bu gün Gürcüstanda 300-dən çox məscid var. Onlardan 28-i son illərdə tikilib, 300-ə yaxını təmir olunub. Şeyx Azərbaycana səfərlərini xatırladıb, səfərdən dolayı və orada göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Öncə səmimi qarşılanmaya görə təşəkkür edən qonaqlar təmsil etdikləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və onun tabeçiliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu haqqında ətraflı məlumatlar veriblər. Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq, dövlətin sağlam İslam dininin yaşaması yönündə göstərdiyi dəstək və dini qurumlar arasındakı əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb. Görüşdən razılıqlarını bildirən Azərbaycanlı qonaqlar Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərlərinə və din xadimlərinə müqəddəs fəaliyyətlərində uğurlar diləyiblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989