Haqqımızda Reklam
06 
Iyn
2022
12:14
19
5
414

Marneulidə İmam Rza (ə) və Hz. Məsumənin (s.ə) təvəllüdləri münasibəti ilə mövlud mərasimi baş tutub (FOTO)

Marneuli Bələdiyyəsinin Sabirkənd kəndində İmam Rza (ə) və Hz. Fatimeyi Məsumənin (s.ə) təvəllüdləri münasibəti ilə bayram mərasimi keçirilib. 24News.ge xəbər verir ki, İmam Museyi Kazim (ə) adına məscidin həyətində təşkil olunan mərasimdə yerli müsəlmanlar və din xadimləri iştirak ediblər. Mədrəsə tələbəsi İbrahim Bəşirzadənin aparıcılığı ilə başlayan mərasim Quran qiraətçisi Kərbəlayi Fuad İsayevin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə açıq elan olunub. Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Marneulinin Baş axundu Hacı Əziz Nəbiyev, İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev və Əlmustafa Təhsil Mərkəzinin sədri Hacı Həsən Yusifzadə çıxış üçün kürsüyə dəvət olunublar. Çıxış edən din xadimləri öncə qonaqları salamlayaraq Hz. İmamın (ə) və bacısı Hz. Məsumənin (s.ə) təvəllüdləri münasibəti ilə təbrik ediblər. Sonra İmamın və xanımın örnək insani keyfiyyət, xüsusiyyət və fəzilətlərindən və insanlara nəsihət bəxş edən ibrətli kəlamlarından danışıblar. Mərasim boyunca Əhlibeyt məddahı Səid Həsən şeir, mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib. Tədbirin sonunda adları Əli, Rza, Fatimə və Məsumə olan uşaqlara hədiyyələr təqdim olunub. Qonaqlara şirniyyat süfrəsi açılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989