Haqqımızda Reklam


12 
Okt
2021
20:24
27
2
1008

Paytaxt Tbilisidə Borçalı xalçalarının sərgisi açılıb (FOTO)

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Borçalı xalçalarının sərgisi açılıb. 24News.ge xəbər verir ki, YUNESKO-nun “Kreativ sənayelərin inkişafı” layihəsi çərçivəsində təşkil olunan sərgidə Borçalı xalçasının toxunması ilə bağlı ustad dərsi də keçirilib. Tetritsakro rayonundan olan xalça ustası Nabat Anazarova xalçaların toxunması üsullarını gələn qonaqlara nümayiş etdirib. O, həmçinin Borçalı xalçaçılıq sənətinin fərqli xüsusiyyətləri və naxışlarının mənası barədə onlara məlumat verib. Bildirib ki, bu xalçalar zərifliyi və yalnız təbii boyalarla rənglənmiş yun saplardan toxunması ilə seçilir. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva iştirakçılara Azərbaycan xalçaçılığının xüsusiyyətləri, onun əsas qolu olan Borçalı məktəbinə məxsus xalçaların özəllikləri, azərbaycanlıların məişətində xalça və xalça məmulatlarına olan münasibət barədə danışıb. Tədbirdə iştirak edən Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin Yaradıcılıq prosesinin təşviqi Departamentinin rəhbəri İrine Saqanelidze Azərbaycan xalçaçılıq sənətini yüksək qiymətləndirib. O juralistlərə müsahibəsində deyib ki, Azərbaycan xalçaları çoxmədəniyyətli Gürcüstanın mühüm hissələrindən biridir: "Gürcüstanda Borçalı xalçaçılığı kimi unikal ənənə var. Bu ənənə bu günədək mədəni irs nümunəsi kimi qorunub saxlanılır və inkişaf etdirilir. Layihənin təşkilatçılarından olan Tbilisi Dövlət İncəsənət Akademiyasının tələbələri üçün bu ənənə ilə tanışlıq çox maraqlıdır”, – deyə, Saqenalidze vurğulayıb. Ustad dərsinə qatılan Akademiyanın dekanı, professor Tinatin Kldiaşvili və Almaniyanın Halle şəhərinin İncəsənət və Dizayn Universitetinin tələbəsi Marieke Şvartz, xalçaçılıq sənəti ilə bağlı fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycan xalçalarının unikallığı ilə seçildiyini vurğulayıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989