Haqqımızda Reklam
23 
Yan
2021
14:04
15
3
2153

Salam platforması son günlər İkinci Kosalı kəndində baş verən insidentlə bağlı açıqlama yayıb

Məlum olduğu kimi son bir neçə gündür ki, Marneuli rayonunun İkinci Kosalı kəndində Keşiş din xadimləri və yerli sakinlər arasında əkin sahələri üzərində insident və mübahisələr yaşanır. 24News.ge xəbər verir ki, cəmiyyətdə xüsusi aktivlik qazanan "Salam Platforma"sı İkinci Kosalı kəndində baş vermiş hadisələrə münasibət bildirib. Sözügedən məqaləni olduğu kimi sizə təqdim edirik: "21 yanvar tarixində media vasitələrində Marneuli Bələdiyyəsinin İkinci Kosalı kəndində baş verən qarşıdurma haqda məlumat yayıldı. Qeyd edək ki, qarşıdurmanın səbəbi yerli kənd əhalisi tərəfindən becərilən kənd ətrafında yerləşən torpaq sahələridir, çünki bu günlərdə, Marneuli və Hucabi Yeparxiyasından olan din adamları bu torpaq sahələrində görülən işlərdə kəndçilərə maneəçilik törədirlər. 22 Yanvar tarixində, Salam Platformasının idarə heyətinin üzvləri olaraq İkinci Kosalı kəndində olduq və hadisə yerində baş verənləri müşahidə etdik. Bununla yanaşı, heyət olaraq kənd əhalisinin və dövlət orqanlarının nümayəndələrinin mövqelərinə maksimum şəkildə qulaq asmağa çalışdıq. Qeyd etmək istəyirik ki, biz hadisə yerində olduğumuz müddətdə, yuxarıda bəhs edilən din xadimləri mübahisəli torpaq sahələrinə gəlmədiklərindən, onların mövqeləriylə tanış ola bilmədik. Buna baxmayaraq, düşünürük ki, həmin günkü müşahidələrimiz, bu məsələyə münasibət bildirməkdə və müşahidələrimizi paylaşmaqda bizə zəmin yaradır. İlk növbədə qeyd etmək lazımdır ki, mübahisəli torpaq sahəsi İqtisadiyyat Nazirliyinin balansında qeydiyyatdadır və qanunun maddi yönündən heç kəs onun üzərində hər hansısa bir haqqa sahib deyildir. Buna baxmayaraq, onu da vurğulamaq lazımdır ki, yerli əhalinin həmin sahə üçün əmlak vergisi bəyannaməsi doldurduğunu (deklarasiya) və vergi ödədiyini (kadastr nömrəsi olmadan) təsdiq edən sənədlər mövcuddur. Əhaliylə söhbətdə məlum olur ki, belə etməyi onlara İqtisadiyyat Nazirliyinin Marneuli şöbəsindən məsləhət görüblər və onlara bu torpaq sahəsindən istifadə şərtini nəzərdə tutan bəyannamə (deklarasiya) doldurtdurublar. Yuxarıda bəhs etdiklərimizdən irəli gələrək, düşünürük ki, əhalinin dövlət nümayəndəsi tərəfindən sözü gedən torpaqdan istifadə haqqı əldə etdiyini düşünməsi üçün məntiqli əsasları olub. Əlavə olaraq bildirmək lazımdır ki, yerli əhalinin sözlərinə görə, onalr bu əraziləri son bir neçə il ərzində, aktiv şəkildə becərirdilər və hazırki vəziyyətdən fərqli olaraq icarə haqqını yerli din xadimlərinə ödəyirdilər. Aydın oldu ki, əhali hər bir hektara din xadiminə 500 lari ödəyirmiş. Qeyd etmək lazımdır ki, kəndlilərinin bəyanına görə, din xadimi sözügedən mübahisəli torpaq sahəsindən əlavə, başqa torpaq sahələrini də icarəyə verirdi və hələ də verməkdədir. Lakin qeyd edilən torpaq sahəsi Dövlət Reyestrində həmin şəxsin və ya başqa təşkilatın adına qeydiyyatda deyil. Bu isə öz-özlüyündə təəssüf ki, əhalidə ədalətsizlik və haqqlarının pozulması hissi yaradır. Eyni zamanda, kənd sakinlərinin dediklərinə istinadən, torpaq sahəsini becərərkən Yeparxiyadan olan dini xadim onlara yaxınlaşaraq, gördükləri işləri dayandırmağı tələb edib. Kəndlilərin verdiyi məlumata əsasən, o, həmin ərazilərin Gürcüstan vətəndaşları olan kənd əhalisinə aid olmadığını və Azərbaycan sərhədini işarə edərək, başqa yerdə özlərinə yer axtarmalı olduqlarını əlavə edib. Biz inanırıq ki, bu kimi şovinist-milliyyətçi çıxışlar ölkədəki vətəndaş birliyi və bərabərliyinə zərə verməklə yanaşı qeyri dominant etnik və dini qruplarda məyusluq və deinteqrasiyaya səbəb olur. Bu torpaqlarn dövlətin mülkiyyətində olduğunu və onun üzərində heç kəsin ekskluziv hüquqa sahib olmadığını bildirən yerli özünüidarəetmə orqanı və polisin hadisə yerindəki aktivliyi isə diqqətə layiqdir. Onların bəyanına görə, sözü gedən əraziləri uyğun prosedurlar olmadan becərən şəxslər, müvafiq qanunvericilik çərçivəsində cəzalandırılacaqlar. Bu mövqe qanuni olsa da, bizdə və eləcə də yerli sakinlərdə qeyri-bərabər rəftar və ayrı-seçkilik əlamətləri doğurur, çünki nə polis, nə də yerli özünüidarəetmənin nəzarət orqanı kənd əhalisinin bəhs etdiyinə görə, yerli din xadimləri tərəfindən icarəyə verilən torpaqları eyni vəchlə qorumurdu və indi də qorumur. Yuxarıda qeyd etdiklərimizə əsasən, Salam Platforması: • Gürcüstanın İqtisadiyyat Nazirliyini əhalinin kollektiv ərizələrini qəbul etməyə və sözügedən torpaq sahəsinin yerli kəndlilərə icarə yoluyla, rəsmi şəkildə təqdim etməyə; • Yerli özünüidarəetmə orqanını torpaq resursuna ehtiyacın olmasıyla bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməyə; • Gürcüstan Parlamentini torpaq haqqında qanunun islahatına vaxt başlamağa və torpaq sahələrini kəndlilərə təqdim etməyə; • Gürcüstanın başqa bölgələrində yaşayan kəndliləri Marneulinin İkinci Kosalı kənd sakinlərinə qarşı həmrəy olmağa; • Hucabi və Marneuli Yeparxiyasına yerli sakinlərlə işləməyə və həmvətənlər arasında sevginin yayılmasına xidmət etməyə; • Yerli əhalini ədalət yolunda apardıqları kollektiv mübarizə təcrübələrini davam etdirməyə, həmrəy şəkikdə bir-birilərini hüquqlarını qorumağa və bu uzun və yorucu prosesdə sülh və təmkinliliklərini qorumağa çağırır", - deyə açıqlamada qeyd olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989