Haqqımızda Reklam
19 
Apr
2019
18:05
2
0
403

Keşikçi Dağı Məbəd-Kompleksində açıq səma altında muzey yaradıla bilər

Tbilisidə Gürcüstan-Azərbaycan sərhədində yerləşən David Qareci məbəd kompleksinin (Keşikçi dağı məbədi) inkişaf strategiyasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. 24News.ge xəbər verir ki, tədbiri Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi, “Europa Nostra” mədəni irsin qorunması təşkilatının Gürcüstan nümayəndəliyi və Şota Rustaveli adına Milli Elm Fondu təşkil edib. Konfransda David Qareci məbəd kompleksində açıq səma altında muzeyin yaradılması konsepsiyası, abidənin bərpası və inkişafı ilə bağlı tövsiyələr müzakirə olunub. Tədbirin əsas məqsədi məbəd kompleksinin beynəlxalq səviyyədə araşdırılmasına dəstək vermək və mədəni irs abidəsinin üzləşdiyi problemlərin həlli yollarının tapılması, inkişaf strategiyası və fəaliyyət planının nəzərdən keçirilməsidir. Konfransda Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze, beynəlxalq ekspertlər, “Europa Nostra” təşkilatının nümayəndələri və digər şəxslər iştirak ediblər. Qeyd edək ki, ötən ilin yanvarında Keşikçi dağı məbədi “Europa Nostra” təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilib. Təşkilatın ekspertləri abidə kompleksinə baş çəkərək tövsiyə və fəaliyyət planı hazırlayıblar. Məbəd kompleksi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. “Europa Nostra” təşkilatı mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən Avropa federasiyasıdır. 42 ölkəni əhatə edən təşkilat 1963-cü ildə Parisdə təsis olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989