Haqqımızda Reklam
14 
Apr
2019
21:16
3
0
1131

“Mən gürcü dilində yazıram” adlı imla müsabiqəsində Aytən Mehdiyeva qalib olub (FOTO)

Qeyri-gürcü dilli məktəblərin və bölmələrin IX sinif şagirdləri arasında keçirilən “Mən gürcü dilində yazıram” adlı imla müsabiqəsi başa çatıb. 24News.ge xəbər verir ki, bu gün ölkəmizdə qeyd olunan Ana dili gününə həsr olunmuş tədbirlər çərçivəsində qaliblər elan olunub. Üç qalib arasında Qardabani rayonunun Vaxtanqisi kəndinin 1 saylı ictimai məktəbinin şagirdi Aytən Mehdiyeva da var. Məktəbli müsabiqəyə qatılarkən qələbə qazanacağına inanmadığını bildirib: “Müsabiqədə iştirak etmək çox xoş oldu. Mətn mənim üçün çətin olmadı. Sevinirəm ki, mən də qalib gəldim”. Qalibləri təbrik edən barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili müsabiqənin əhəmiyyətindən danışıb: “Gürcü dilini bilmək hər bir Gürcüstan vətəndaşının uğur əldə etməsi üçün əsas şərtdir. Dövlət dilini bilən vətəndaşlar ölkənin bütün sahələrində fəal iştirak edə bilirlər. Şadam ki, milli azlıqları təmsil edən çox sayda gənc öz ana dilləri ilə yanaşı dövlət dilində də danışa bilirlər”. K.Sixelaşvili daha sonra qalibləri sertifikat və hədiyyələrlə təltif edib. Qeyd edək ki, imla müsabiqəsi Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının təşəbbüsü və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. Yarışmanın əsas məqsədi dövlət dilinin təbliği, milli azlıqlardan olan şagirdlərin gürcü dilində yazı imkanlarının inkişaf etdirilməsi olub. Mənbə Report

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989