Haqqımızda Reklam
16 
Mar
2019
07:35
5
0
423

Azərbaycan İranla iki yeni zavod açacaq

Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının XIII iclasının nəticəsi olaraq anlaşma memorandumları imzalanıb. Azərbaycanda minik avtomobilləri üçün ehtiyat hissələrinin və avtobusların istehsalının təşkilini nəzərdə tutan iki yeni Azərbaycan-İran birgə layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. 24News.ge Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, Avtobus zavodu Hacıqabul Sənaye Məhəlləsində tikiləcək və 2020-ci ilin sonunadək istismara verilməsi gözlənilir. Birinci mərhələdə ildə 500 ədəd avtobusun istehsal edilməsi planlaşdırılır. Layihəyə 11 mln. manat (6,47 mln.dollar) sərmayə qoyulacaq və “Azərmaş”ın layihədəki payı 25%-dir. Avtobusların qiyməti isə yerli istehsal olduğu üçün daha ucuz başa gələcək, eyni zamanda, qonşu ölkələrə də ixrac edilməsi nəzərdə tutulur. Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələrinin istehsalı layihəsinin maliyyə dəyəri yeddi milyon manatdır. Burada 70-ə yaxın insan işlə təmin olunacaq. “Azərmaş”ın ehtiyat hissələri layihəsindəki payı isə 50 faizdir. İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, İran investorları tərəfindən Azərbaycana 3,4 mlrd. dollardan artıq sərmayə qoyulub, 2018-ci ildə ticarət dövriyyəsi 74% artıb. Ş.Mustafayev əlavə edib ki, hazırda Astara sərhəd-keçid buraxılış məntəqələri ərazisində Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş müzakirə mərhələsindədir. Nazir bildirib ki, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirmək məqsədi daşıyır. İclasın sonunda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə iqtisadi əlaqələr müzakirə olunub. Sonra Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imza atıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989