Haqqımızda Reklam
23 
Sen
2026
12:06
1
0
32

Ərdoğan BMT-də deyib: “Dünya beş ölkədən daha böyükdür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Fələstin məsələsi, Qəzza zolağındakı vəziyyət, dünyada artan münaqişələr və BMT Təhlükəsizlik Şurasının islahatı barədə danışıb. 24News.ge xəbər verir ki, Ərdoğan bildirib ki, Fələstin dövləti BMT üzvü olan ölkələrin mütləq əksəriyyəti tərəfindən tanınıb. Onun sözlərinə görə, Fələstin Prezidenti Mahmud Abbas artıq iki ildir Baş Assambleyanın iclaslarında şəxsən iştirak edə bilmir. Türkiyə Prezidenti qeyd edib ki, son 12 ay ərzində dünyada 60-dan çox münaqişə və müharibə baş verib və bu dövr son 30 ilin ən qanlı dövrlərindən biri kimi tarixə düşüb. O, Qəzzadan Ukrayna və Rusiyaya, Myanmadan Sudana, İrandan Livana qədər müxtəlif bölgələrdə insanların ciddi humanitar böhranlarla üzləşdiyini bildirib. Ərdoğan Qəzzadakı vəziyyətə xüsusi diqqət çəkərək, Fələstin xalqının üzləşdiyi problemlərin “bəşəriyyətin vicdanını dərindən yaraladığını” deyib. Türkiyə Prezidenti BMT-nin daha cəsarətli addımlar atmasının vacibliyini vurğulayıb. O, həmçinin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını istəyib. “190-dan çox ölkənin iradəsinin yalnız beş ölkənin qərarından asılı olduğu sistemi ədalətli sistem hesab etmək olmaz. Dünya beş ölkədən daha böyükdür”, – deyə Ərdoğan bildirib. Ərdoğan çıxışında Qəzzadakı uşaqların təhlükəsiz şəraitdə yaşamalı olduğunu qeyd edərək, uşaqların göydə döyüş təyyarələri və dronlar deyil, uçurtmalar görməli olduğunu bildirib. O, həmçinin Livandakı uşaqların bombardman səsləri ilə oyanmamalı olduğunu deyib. Türkiyə Prezidenti çıxışının sonunda Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, sülhün Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında əldə edilməsinin vacibliyini vurğulayıb.

www.24news.ge