Haqqımızda Reklam
15 
Iyn
2026
23:27
17
8
406

Gürcüstan və Serbiya Prezidentləri əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüş keçirib. 24News.ge xəbər verir ki, Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, görüşdə iki ölkə arasında mövcud olan dostluq əlaqələri, mədəni yaxınlıq, ortaq dəyərlər və müasir geosiyasi çağırışlar müzakirə edilib. Tərəflər həmçinin siyasi, iqtisadi, texnoloji, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Prezident Kavelaşvili qeyd edib ki, ortaq mədəni kimlik və hər iki dövlətin üzləşdiyi mürəkkəb çağırışlar ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq arenada qarşılıqlı dəstək üçün möhkəm zəmin yaradır. Görüş zamanı son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Kavelaşvilinin 2025-ci ilin dekabrında Belqrada səfəri prezident səviyyəsində ilk səfər olub. Aleksandar Vuçiçin hazırkı rəsmi səfəri isə Serbiya prezidentinin Tbilisiyə ilk rəsmi səfəri kimi qiymətləndirilib və bunun Gürcüstan-Serbiya tərəfdaşlığına yeni təkan verəcəyi qeyd olunub. Liderlər ölkələrdə gedən siyasi prosesləri də nəzərdən keçirərək qlobal sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, beynəlxalq nizamın və qüvvələr balansının dəyişdiyi bir dövrdə həm Cənubi Qafqazda, həm də Qərbi Balkanlarda sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Kavelaşvili vurğulayıb ki, Gürcüstan Orta Dəhlizin əsas həlqələrindən biri kimi Qərbi Balkan regionu ilə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, bu əməkdaşlıq Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin inkişafına töhfə verəcək. Gürcüstan Prezidenti ölkəsinin sülh, sabitlik və iqtisadi rifah kursuna sadiq qaldığını bir daha bəyan edib. O, Gürcüstanın Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ənənəvi sülhyaratma siyasətini də xatırladıb. Görüşün sonunda Kavelaşvili Serbiyanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Aleksandar Vuçiçə təşəkkür edib. Daha sonra Serbiya Prezidenti Orbeliani Sarayının fəxri qonaqlar kitabına xatirə qeydi yazıb.

www.24news.ge