Haqqımızda Reklam
09 
Iyn
2026
19:48
8
2
88

Kobaxidze: "Gürcüstan və Çin hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə keçir"

Baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstan ilə Çin arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur. Onun sözlərinə görə, tərəflər arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. 24News.ge xəbər verir ki, baş nazir bu barədə hökumət administrasiyasında keçirilən mətbuat konfransında məlumat verib. Kobaxidzenin sözlərinə görə, təxminən üç il əvvəl Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq sazişi imzalanmışdı və bu müddət ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib: “Bu gün çox mühüm gündür. Təxminən üç il əvvəl Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq sazişi bağlanmışdı. İndi isə növbəti mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə keçirik. Bu üç il ərzində ikitərəfli münasibətlərdə mühüm irəliləyişlər əldə olunub”, – deyə Baş nazir bildirib. Onun sözlərinə görə, bu dövrdə siyasi və iqtisadi əlaqələr xeyli dərinləşib. Tərəflər arasında vizasız rejim tətbiq olunub, birbaşa aviareyslər açılıb və cari il ərzində yeni uçuşların əlavə edilməsi planlaşdırılır. Bu isə iki ölkə arasında hərəkətliliyin artmasına şərait yaradır. Kobaxidze həmçinin qeyd edib ki, ticarət-iqtisadi sahədə də konkret və nəzərəçarpan nəticələr əldə olunub: “Üç il əvvəl imzalanmış strateji tərəfdaşlıq sazişi mühüm nəticələr verdi. İndi isə hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə keçirik ki, bu da Gürcüstan-Çin münasibətlərinin daha da dərinləşməsinə və yeni nəticələrin əldə olunmasına imkan yaradacaq. Bu gün imzalanan saziş olduqca vacib sənəddir”, – deyə Baş nazir vurğulayıb.

www.24news.ge