Haqqımızda Reklam
09 
Iyn
2026
17:55
12
2
319

Magistral yolların kənarında qanunsuz tikintilərə görə cərimələr sərtləşdirilir

Gürcüstanda avtomobil yollarının kənar zolaqlarında icazəsiz və ya müəyyən edilmiş şərtlərin pozulması ilə aparılan tikinti işlərinə görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsi planlaşdırılır. Eyni zamanda, yol infrastrukturuna ziyan vurulması hallarında daha ağır cərimələrin tətbiqi nəzərdə tutulur. 24News.ge xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə qeyd olunub. Layihə Avtomobil Yolları Departamenti tərəfindən hazırlanaraq hökumət vasitəsilə parlamentə təqdim edilib. Dəyişikliklərə əsasən, Avtomobil Yolları Departamenti cərimə tətbiq edən orqan statusu alacaq. Departament yol örtüyünün çirkləndirilməsi, yolun hərəkət hissəsinə, səkilərə və ya yol kənarına tikinti və digər materialların tökülməsi kimi inzibati xətalarla bağlı işlərə baxmaq, cərimə tətbiq etmək və icra sənədi vermək səlahiyyətinə malik olacaq. Qanun layihəsinə görə, departamentin idarə etdiyi avtomobil yollarında və yolkənarı zonalarda razılaşdırılmadan və ya razılaşdırılmış şərtlərin pozulması ilə istənilən tikinti fəaliyyətinin həyata keçirilməsinə görə yeni inzibati məsuliyyət müəyyən edilir. İlk dəfə qayda pozuntusu aşkarlandıqda fiziki və ya hüquqi şəxsə xəbərdarlıq ediləcək. Bununla yanaşı, qanun pozucusuna bir aydan çox olmayan müddətdə qanunsuz tikintinin dayandırılması, sökülməsi və ya ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə göstəriş veriləcək. Müəyyən edilmiş müddətdə göstəriş yerinə yetirilmədikdə fiziki şəxslər 500 lari, hüquqi şəxslər isə 2 000 lari məbləğində cərimələnəcək. Təkrar pozuntu halında isə fiziki şəxslər üçün cərimə 1 500 lariyə, hüquqi şəxslər üçün isə 6 000 lariyə yüksələcək. Əgər qanunsuz fəaliyyət nəticəsində avtomobil yolu və ya onun hər hansı hissəsi zədələnərsə, daha sərt sanksiyalar tətbiq olunacaq. Belə hallarda fiziki şəxslər 1 500 lari, hüquqi şəxslər isə 50 000 lari məbləğində cərimə ediləcək. Təkrar pozuntu zamanı cərimələr müvafiq olaraq 3 000 və 100 000 lari təşkil edəcək. Layihəyə əsasən, Avtomobil Yolları Departamenti müəyyən edilmiş müddət başa çatdıqdan sonra Daxili İşlər Nazirliyinin ərazi orqanının nümayəndəsinin iştirakı ilə qanunsuz tikililərin sökülməsi və zəruri hallarda bərpa-reabilitasiya işlərinin aparılması proseduruna başlaya biləcək. Qanunsuz tikinti nəticəsində dəymiş zərərin, o cümlədən bərpa və söküntü xərclərinin ödənilməsi tikilinin və ya tikinti aparılan torpaq sahəsinin sahibi və ya istifadəçisinin üzərinə qoyulacaq. Əgər tikintini həyata keçirən şəxs müəyyən edilməzsə, məsuliyyət həmin mülkiyyətçi və ya istifadəçi daşıyacaq. Qeyd edək ki, qanunvericilik dəyişiklikləri parlamentdə sürətləndirilmiş prosedur qaydasında müzakirə olunacaq.

www.24news.ge