Haqqımızda Reklam
13 
Yan
2026
18:30
19
7
915

“Qazprom”un Gürcüstana qaz tədarükü 40 faizdən çox artıb

Rusiyanın “Qazprom” şirkəti 2025-ci ildə Gürcüstana qaz tədarükünü 40,4 faiz artırıb. 24News.ge xəbər verir ki, bu barədə şirkət Telegram kanalında məlumat yayıb. Məlumata görə, Mərkəzi Asiya ölkələrinə də tədarük artıb. Belə ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstana qaz ixracı ümumilikdə 22,2 faiz yüksəlib. Şirkət bildirib ki, 2025-ci ildə Mərkəzi Asiya və Qafqaz istiqamətində qaz ixracında artım müşahidə olunur və qonşu ölkələrə etibarlı tədarük davam etdirilir. İlkin məlumatlara əsasən, “Qazprom” 2025-ci ildə Çinə “Sibir” qaz kəməri vasitəsilə 38,8 milyard kubmetr qaz nəql edib. Bu göstərici 2024-cü illə müqayisədə 24,8 faiz çoxdur. Şirkətin açıqlamasında qeyd olunur ki, Çinə ixrac edilən boru kəməri qazının həcmi Avropanın uzaq xarici bazarlarına və Türkiyəyə göndərilən qazın ümumi həcmindən daha çox olub. Bununla yanaşı, Ukraynada müharibənin başlamasından sonra “Qazprom” Avropa bazarında mövqelərini əhəmiyyətli dərəcədə itirib. 2025-ci ilin yanvar–oktyabr aylarında şirkət Avropa müştərilərinə cəmi 14,7 milyard kubmetr qaz tədarük edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45 faiz azdır. Həmin dövrdə tədarük həcmi 26,6 milyard kubmetr təşkil etmişdi. Məlumata görə, 2025-ci ilin sonuna qədər Rusiyadan Avropa İttifaqına qaz ixracı 18 milyard kubmetrdən artıq olmayıb. Bu isə 1970-ci illərin əvvəllərindən bəri ən aşağı göstərici hesab olunur. Həmin dövrdə SSRİ Avstriya ilə qaz tədarükü üzrə ilk müqaviləni imzalamışdı. Avropa bazarının itirilməsi “Qazprom”un maliyyə göstəricilərinə də mənfi təsir edib. Şirkətin xalis zərəri 2025-ci ilin yanvar–sentyabr aylarında 170,3 milyard rubl (2,16 milyard dollar) təşkil edib. 2024-cü ilin yekunlarına görə isə zərər 1 trilyon rublu (12,7 milyard dollar) keçib ki, bu da son 25 ilin ən pis maliyyə nəticəsi sayılır.

www.24news.ge